İlham Əliyev: "Azərbaycanla Ermənistan arasında bütün komponentlərin balansı çoxdan pozulub"
İlham Əliyev: "Azərbaycanla Ermənistan arasında bütün komponentlərin balansı çoxdan pozulub"Bakı. 26 dekabr. REPORT.AZ/ Bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir.
Bakı. 26 dekabr. REPORT.AZ/ "Bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, Azərbaycaın öz iqtisadi, enerji və nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasəti müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub:
"Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq. Düşünürəm ki, bu ilin baharında Ermənistanda baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansı artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, nəqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərlə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq".