“Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
“Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi”, - Zakir Həsənov qeyd edib.
Azərbaycan Ordusunun şəxsi heyətinin Vətən müharibəsində nümayiş etdirdiyi döyüş ruhu, qələbə əzmi, igidlik və qorxmazlıq, müasir ümumqoşun döyüşünün aparılması taktikası, o cümlədən tətbiq etdiyi yeni nəsil silah, hərbi texnika və digər döyüş vasitələri şanlı Zəfərimizə verilən qiyməti daha da yüksək edir:
“Bir məqamı da xüsusi olaraq vurğulayım ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Böyük Qələbə, Şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoyub. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi”.