Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb

Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb
Qarabağ
29 Avqust , 2022 12:44
Milli Qəhrəman Şövqiyar Abdullayevin xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, əfsanəvi tank komandiri Şövqiyar Abdullayevin xatirəsi anılıb.

"Report" xəbər verir ki, Milli Qəhrəmanın anım günü ilə əlaqədar olaraq Ş.Abdullayevin məzarının yerləşdiyi Şəhidlər Xiyabanı ziyarət olunub, onun və digər şəhidlərin xatirəsi anılıb.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin qardaşı Elcan Abdullayev Şövqiyar Abdullayevin bugünkü gənclərə qəhrəmanlığı ilə örnək bir şəxs olduğundan bəhs edib:

“İkinci Qarabağ müharibəsi dövründə elə Şövqiyar yaşda olan uşaqlar, igidlər torpaqlarımızı azad etdilər. Allah şəhidlərimiz rəhmət eləsin. Biz qürurluyuq ki, Şövqiyar kimi qardaşımız var”.

Elcan Abdullayev
Elcan Abdullayev

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.

Xatırladaq ki, Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdıb.

1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda gedən döyüşlərdə tank komandiri təyin edilib. Onun tank komandiri kimi döyüşdüyü briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun da iştirak etdiyi tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib.

Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilib. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılıb. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulub. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilib.

Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıdıb.1992-ci il 27 avqustda çox ağır döyüşdə o, yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra "Azərbaycanın Milli qəhrəmanı" adına layiq görülüb.

Ş.Abdullayev 29 avqust 1992-ci ildə Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Nəsimi rayonundakı əsas küçələrdən birinə Milli Qəhrəman Şövqiyar Abdullayevin adı verilib.

Son xəbərlər

Orphus sistemi