Şəmkir rayonunun Kür qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid İsgəndər Aznaurovun adını daşıyan 1 saylı tam orta məktəbin qarşısında ucaldılmış büstünün əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Bu barədə "Report"un Qərb bürosu xəbər verir.
Mərasimdə şəhidin ailə üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, rayon icra hakimiyyətinin rəhbərliyi, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) rəhbərliyi və nümayəndələri, Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları, şəhid ailələri və qazilər, eləcə də Milli Qəhrəmanın döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər əslən Ahıska türkü olan, el arasında “Topçu İsgəndər” kimi tanınan İ.Aznaurovun döyüş yolundan bəhs edib, onun Birinci Qarabağ müharibəsində topçu olaraq göstərdiyi qəhrəmanlıqlarından danışıblar.
Qeyd edək ki, İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı ildə anadan olub. O, 1993-cü ilin aprelində Gədəbəy rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Baş leytenant İ.Aznaurov 1995-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.