“Qarabağın heyrətamiz təbiəti var, bu yerlər məftunedici gözəlliyə malikdir”.
"Report"un Qarabağa ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən isveçli səyahətçi Sonya Nilen jurnalistlərə açıqlamasında deyib.
"Mənim 87 yaşım var, amma imkan olsa, növbəti onillikdə bu yerlərin necə dəyişdiyini görmək üçün 10 ildən sonra bura yenidən gəlmək istərdim", - o bildirib.
S.Nilen azərbaycanlıların işğaldan azad edilmiş əraziləri hansı istəklə bərpa etməsinə, bu işdə nə qədər səy və əzm göstərdiklərinə heyran olduğunu söyləyib.
“Buranın insanları çox mehribandır”, - 70-dən çox ölkəyə səfər etmiş səyahətçi bildirib.
“Buradakı dağların təbiəti fantastik gözəlliyə malikdir və müəyyən qədər Qırğızıstan təbiətini xatırladır”, - S.Nilen əlavə edib.
İşğaldan azad edilmiş ərazilərdəki mina probleminə də toxunan səyahətçi Səudiyyə Ərəbistanı-Misir sərhədində oxşar mina sahələrinə rast gəldiyini söyləyib.
Xatırladaq ki, “Club 100”ün İdarə Heyətinin üzvü Bengt Hildebrandın rəhbərlik etdiyi səyahətçilər qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.
Bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində səyahətçilər Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına baş çəkiblər.