"Tələblərimiz yerinə yetirilməyənədək aksiya davam edəcək və genişlənəcək"
Bunu "Report" açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı Toğrul Allahverdili deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları hələ də Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyanın iştirakçılarının tələblərinə müsbət cavab verməyib:
"Etirazçılar və təşəbbüskarlar olaraq aksiyanı davam etdirmək və miqyasını genişləndirmək qərarına gəlmişik. Yəni aksiya nəinki dayanmayacaq, əksinə, genişlənəcək. Düşünürük ki, tələblərimiz yerinə yetirilməyənədək, kontingentin rəhbəri bizə müsbət cavab verməyənədək hava şəraitindən asılı olmayaraq aksiyamız davamlı olacaq və genişlənəcək, çadırlarımız sökülməyəcək. Kütləvi şəkildə artım olacaq".
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.
Etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.