“Qarabağın bərpası təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir”.
"Report" xəbər verir ki, bunu “Global Media Group”un media direktoru Həmid Həmidov CBC telekanalına müsahibəsində deyib.
“Bərpa işlərinin sürəti dərin təəssürat bağışlayır. İnsanların azad edilmiş ərazilərə köçürülməsi Azərbaycanın və bütövlükdə regionun iqtisadiyyatını dirçəldəcək, Qarabağı əsl Cənnətə çevirməyə imkan verəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, Qarabağda demək olar ki, bütün şəhərlər yenidən qurulur: “Bu şəhərlərin layihələrini elə qurmaq olar ki, rahat, gözəl, müasir olsunlar və burada ən qabaqcıl texnologiyalardan istifadə mümkün olsun”.
H.Həmidov vurğulayıb ki, 20 il əvvəl Azərbaycan Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərpa edəcəyinə söz verib: “Bunun üçün biz sistemli şəkildə hərbi qüdrətimizi artırdıq, müasir silahlar aldıq və s”.
“Global Media Group”un media direktorunun fikrincə, hazırda bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan dünyanın ən müasir və güclü ordularından birinə malikdir: “Dövlət başçısı hər zaman təhsilə də diqqət ayırıb. Müdafiə və təhsilə ayrılan vəsait çox vacibdir”, - o bildirib.
O, müasir Azərbaycanın qurulmasında Heydər Əliyevin rolundan da danışıb: “O vaxt ölkədə xaos, qarışıqlıq, qeyri-sabit iqtisadiyyat hökm sürürdü və bütün bunlar Heydər Əliyevin prezidentliyi dövründə bərpa olunmağa başladı. Üstəlik, onun sayəsində daxili siyasi ab-hava normallaşdı, xarici siyasət sahəsində də münasibətlər bərpa olunmağa başladı”.