"Ermənistanın Azərbaycan ilə şərti sərhəddə törətdiyi son təxribat iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı Brüsseldə planlaşdırılan danışıqları pozmaq cəhdidir".
"Report" xəbər verir ki, bunu CBC telekanalına müsahibəsində “Global Media Group”un (GMG) Media direktoru Həmid Həmidov deyib.
"Hər dəfə çox mühüm, ilk növbədə, dövlət başçılarının görüşündən əvvəl biz ənənəvi olaraq Azərbaycanla Ermənistan arasında şərti sərhəddə vəziyyətin gərginləşməsini müşahidə edirik. Təəssüf ki, itkilərimiz var: ölən və yaralı hərbçilərimiz var. Bu, artıq pis bir ənənədir”, - o bildirib.
H.Həmidovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün baş verənlərə baxmayaraq, Brüssel danışıqlarında iştirak etmək niyyətini bəyan etsə də, onun fikrini və qərarlarını nə qədər tez dəyişdiyini hamı bilir.
Eyni zamanda, danışıqları pozmaq cəhdinin arxasında kimin dayandığı müəyyən edilməlidir. GMG-nin Media direktoru qeyd edib ki, Paşinyan sülh sazişinin faktiki olaraq alternativinin olmadığını yaxşı bilir. Əks halda, ya Ermənistanın dövlətçiliyinin itirilməsi, ya da rəsmi Bakının şərtlərinə uyğun sülh müqaviləsi ilə nəticələnəcək müharibə baş verə bilər.