Fransa səfiri: "Yerevan və Bakı arasında ən yüksək səviyyədə danışıqların bərpası istiqamətində fəaliyyət göstəririk"
- 07 sentyabr, 2015
- 12:57
Bakı. 7 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu əvvəlkindən də çox Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə cəlb edilib".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpantye bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə danışıqların bərpa edilməsi istiqamətində fəaliyyət göstərir.
Səfir Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Sərhəddəki gərginliyi və təmas xəttində atəşkəsin pozulmasını narahatlıqla izləyirəm".
Səfir münaqişə tərəflərini hərbi gərginliyi azaltmağa və atəşkəs rejiminə əməl olunması üçün bütün imkanlardan istifadə etməyə çağırıb.