“Qarabağdakı ermənilərə təhlükəsiz həyat təklif edirik, bunu istəməyənlərə qapı açıqdır, çıxıb gedə bilərlər”.
Bunu “Report”a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
O bildirib ki, Azərbaycanın mövqeyi beynəlxalq praktikaya uyğundur:
“Hər bir dövlət ərazisində yaşayan azlıqlara öz maraqlarını qoruyaraq, ərazi bütövlüyünü üstün tutaraq hüquqlar verir, onların təhlükəsizliyini təmin edir. Biz də bunu edirik və bundan sonra da etməyə hazırıq. Ermənilər Laçın yolunu vaxtilə tamamilə başqa məqsəd üçün istifadə ediblər. Oradan silah-sursat, terrorçular, qeyri-humanitar yardımlar daşınırdı. Təbii ki, biz buna razı ola bilməzdik. Ona görə də dinc şəkildə torpaqlarımızda yaşamaq istəməyənlərə qapı açıqdır, ərazimizi tərk edə bilərlər, bu istiqamətdə heç bir maneə yoxdur”.
Ekspert qeyd edib ki, Azərbaycan Qarabağda yerləşən 10 minə yaxın qeyri-qanuni silahlı dəstənin çıxarılmasına nail olmalıdır:
“Bizi daha çox narahat edən məsələ onların Qarabağdakı varlığıdır. Bizim onları ərazimizdən çıxarmaqdan başqa yolumuz yoxdur və mütləq çıxaracağıq. Oradakı separatçılar hələ ki regionda maraqları olan havadarlarına arxalanırlar. Amma zaman göstərir ki, biz bir çox məsələlərlə hesablaşmırıq, bizim üçün əsas məsələ öz maraqlarımızdır və bu maraqlar çərçivəsində hərəkət edəcəyik. Əgər bu xəttə gəlib çatmışıqsa, sonadək getməliyik. Hələlik diplomatik müstəvidə ciddi şəkildə xəbərdarlıq edirik. Dünya birliyi, beynəlxalq təşkilatlar, Ermənistan və Qarabağda yaşayan etnik ermənilər bunu bilsinlər ki, Qarabağın erməni sakinləri Azərbaycan qanunları ilə yaşamalıdırlar”.
Qeyd edək ki, bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməniəsilli şəxsin sərbəst keçidi təmin edilib. Onların əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.