Bakı. 26 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.