"Fransa oyundankənar vəziyyətə düşüb".
Bunu "Report"un yerli bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yenidənqurma işlərindəki mümkün rolunu şərh edərkən deyib.
O, Dağlıq Qarabağda gedən əməliyyatlardan sonra həm Azərbaycanda, həm də Ermənistanda Fransaya inamın itdiyini bildirib: "Hər iki tərəf - istər Azərbaycan, istərsə də Ermənistan Fransaya qarşıdır. Ermənistan tərəfi hesab edir ki, Fransa onları Dağlıq Qarabağda gedən əməliyyatlar zamanı dəstəkləməyib. Azərbaycanda isə ermənilərə dəstək verən ölkə kimi Fransaya münasibət yaxşı deyil. Beləliklə, Fransanın sonuncu Qarabağ müharibəsindən sonra hər iki ölkədə nüfuzu düşüb. Başqa dillə desək, Fransa nə Azərbaycanda, nə də Ermənistanda sevilir".
E.Dupuy Fransanın oyundankənar vəziyyətə düşdüyünü vurğulayıb: "Digər tərəfdən, mənfi münasibət bəslədiyinə görə türklərin hörmətini itirən və Navalnı məsələsinə görə isə rusların qəzəbinə tuş gələn Fransa Dağlıq Qarabağda gedən yenidənqurma prosesindən tamamilə kənarlaşdırılmaq ehtimalı ilə üz-üzədir. Fransa hökuməti bunu gözəl anlayır. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Bakıya və eyni vaxtda Yeravana səfəri də bununla bağlı idi. Səfər zamanı danışıqlar universitetlərarası əməkdaşlıq, frankofoniya günlərinin keçirilməsi məsələləri ətrafında gedirdi. Çünki iki ölkə arasında böyük layihələrin reallaşması qeyri-mümkün məsələyə çevrilib".
Ekspert deyib ki, Fransadakı erməni diasporunun bütün səylərinə baxmayaraq, hökumət Dağlıq Qarabağ məsələsində neytral mövqe nümayiş etdirməklə düzgün qərara imza atıb: "Fransa Azərbaycan və Ermənistan tərəfindən kənarlaşdırılsa da, ölkə prezidenti Emmanuel Makron Dağlıq Qarabağda gedən son əməliyyatlar zamanı uzaqgörən siyasət yürüdüb. Bunu nəzərə alaraq, iki ölkə arasındakı münasibətlər yenidən canlandırılmalıdır. Ona görə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Fransanın tədbirlərə yaxından cəlb edilməsi hamı üçün faydalı olar".