Alman deputat 10 noyabr bəyanatı və Qarabağda birgəyaşayış haqqında

Alman deputat 10 noyabr bəyanatı və Qarabağda birgəyaşayış haqqında Dağlıq Qarabağda dinc çoxmədəniyyətli birgəyaşayışın mümkün olduğunu nümayiş etdirəcəyinə əminəm.
Qarabağ
8 Dekabr , 2020 12:39
Alman deputat 10 noyabr bəyanatı və Qarabağda birgəyaşayış haqqında
Markus Held

“Rusiya Federasiyası, Azərbaycan Respublikası prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da əldə etdikləri razılaşmanı dəstəkləyirəm”.

Bunu “Report”a müsahibəsində Almaniya Bundestaqının deputatı Markus Held deyib.

“Alman-Cənubi Qafqaz parlament qrupunun üzvü olaraq uzun müddət bu regionu intensiv maraqlanmışam. Hökumətin parlament qrupları olan XDİ/XSİ və ASDP tərəfindən 2020-ci il noyabrın 26-da Almaniya Bundestaqına təqdim olunan “Dağlıq Qarabağda uzunmüddətli sülhün həllinin dəstəklənməsi və işlənib hazırlanması” təşəbbüsünün lehinə səs vermişəm. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası bir neçə bəyanatında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıq şəkildə təsdiqləyib”, - deputat bildirib.

O həmçinin Dağlıq Qarabağdakı erməni əhalisi ilə bağlı məsələyə də toxunub: “Həm tarixən, həm də indi Azərbaycan çoxmədəniyyətli, açıq və tolerant ölkədir və erməni azlığının da hüquqlarını təmin edir. Bu baxımdan Azərbaycanın beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağda dinc çoxmədəniyyətli birgəyaşayışın mümkün olduğunu nümayiş etdirəcəyinə əminəm”.

ATƏT-in Minsk qrupunun Qarabağ məsələsi ilə bağlı fəaliyyətini şərh edən M.Held bu prosesin həqiqətən çətin olduğunu vurğulayıb.

“Almaniya və Fransa İkinci Dünya müharibəsindən sonra yaxın dost olmaq üçün uzun yol qət ediblər. Sizin regionun da eyni istiqamətdə inkişaf etməsini istərdim. Minsk qrupunun hazırkı formada gələcəyinin olub-olmaması onun konstruktiv rol oynamaq qabiliyyətindən asılıdır. Burada format ikinci dərəcəli əhəmiyyətə malikdir. Əldə edilmiş razılaşma gənc nəsil arasında etimad və qarşılıqlı hörmət yaratmaq üçün indi və gələcəkdə atılacaq addımlara gətirib çıxarmalıdır. Bu məsələnin həllində əzmkar olmalıyıq və Almaniya bu anlaşma prosesinə çoxtərəfli səviyyədə, məsələn, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı kontekstində aktiv töhfə verə bilər”, - Bundestaq üzvü fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi