Burada ehtiyatsız bir hərəkət faciəyə səbəb ola bilər - FÜZULİDƏN REPORTAJ

Burada ehtiyatsız bir hərəkət faciəyə səbəb ola bilər - FÜZULİDƏN REPORTAJ Düşmənin mifləşdirdiyi “Ohanyan səddi” mühəndis qoşunlarımızın hissə və bölmələri tərəfindən qısa müddətdə yarılıb
Qarabağ
27 Yanvar , 2021 15:03
Burada ehtiyatsız bir hərəkət faciəyə səbəb ola bilər - FÜZULİDƏN REPORTAJ

Bu, düşmən işğalından azad edilmiş Füzuli rayonuna ikinci səfərimdir. Hələ 44 günlük Vətən müharibəsi yekunlaşmamışdı, ötən il noyabrın 7-də bir qrup jurnalistin iştirakı ilə işğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfər etmişdim. Həmin vaxt müharibə davam edirdi, ərazi daha təhlükəli idi.

Yanvarın 26-da Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bir qrup jurnalistin iştirakı ilə yenə işğaldan azad edilmiş ərazilərimizə - Füzulinin Horadiz kəndinə səfərə getdik. Bakıdan çıxdıq, Füzulinin giriş hissəsində bizi Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov, nazirliyin Mühəndis Qoşunları İdarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov, digər zabit və polis əməkdaşları qarşıladı. Onlar bizə təhlükəsizlik qaydalarına maksimum şəkildə riayyət etməyi tapşırırlar. Çünki ərazilər çox təhlükəlidir, 30 ilə yaxın düşmən taptağı altında olan torpaqlarımızı ermənilər minalayıb, ordumuzun qarşısından qaçarkən isə bizim üçün “sürprizlər” qoyublar.

Əvvəl Horadiz kəndində olduq. Bura işğaldan azad edilən ilk yaşayış məntəqələrimizdən biridir. Ermənilər digər kəndlərimiz kimi Horadiz də dağıdıb, viran qoyub. Bütün evlər yararsız vəziyyətdədir. Burada ərazilərin çox hissəsi düşmən tərəfindən minalanıb. Düşmənin mifləşdirdiyi “Ohanyan səddi” 44 günlük Vətən müharibəsinin ilk günlərində mühəndis qoşunlarımızın hissə və bölmələri tərəfindən qısa müddətdə yarılıb. Azərbaycan Ordusu partlayan və partlamayan maneələrlə kombinə edilmiş bir neçə yaruslu müdafiə sisteminin yarılması və qoşunların hərəkətinin təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Ermənilərin özü-özlüyündə keçilməsini mümkünsüz hesab etdiyi maneələr sistemi mühəndis qoşunlarımızın yüksək döyüş hazırlığı və müasir silahlarla komplektləşməsi sayəsində peşəkarlıqla dəf edilib.

A.Eyvazov deyir ki, ötən il sentyabrın 27-də mühəndis bölmələri tərkibindən maneə ləğvetmə qrupları yaradılaraq xüsusi təyinatlı bölmələr daxil olmaqla əks-hücumda iştirak edən bütün bölmələrin tərkibinə verilib və bu bölmələrin maneəsiz hərəkəti təmin olunub. O bildirir ki, Vətən müharibəsi zamanı ilkin mərhələdə partlayış və əl üsulu ilə bölmələrin və texnikaların maneəsiz irəliləməsi məqsədilə düşmənin mina partlayışlı maneələrindən keçidlər açılıb, maneə və dağıntılardan qoşunların keçidi təmin edilib: “Hətta düşmən geri çəkilərkən hərəkət marşrutlarında və yollarda xeyli sayda mina partlayışlı maneələr quraşdırıb, mövcud körpüləri partlayışa hazırlayıb və bunların bir qismini partladaraq maneə və dağıntılar yaradıb. Hücum zamanı mühəndis bölmələri bu maneələrin mühəndis kəşfiyyatını apararaq mina partlayışlı maneələri zərərsizləşdiriblər. Bundan başqa, partladılmış körpülərin ətrafından mümkün olan yerlərdən alternativ yollar hazırlanıb, mümkün olmayan istiqamətlərdə isə tank körpüquranları vasitəsilə körpülər qurulub və qoşunların fasiləsiz hərəkəti təmin olunub”.

Sonra Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi oldu. Proses dövründə istehkamçılar ərazidə kommunikasiya sistemlərini, yolları və əkin sahələrini minalardan təmizlədilər. Yeni çəkiləcək yollara əvvəlcə istehkamçılar nəzarət edir, ərazidə tapılan minaları və döyüş sursatlarını zərərsizləşdirirdilər. Hər yer düşmən tərəfindən minalandığı üçün biz yalnız istehkamçıların çəkdikləri lent və işarədikləri ərazilərlə addımlayırıq. Hər dəfə də bizə dönə-dönə tapşırılır ki, lent və işarələnmiş ərazilərdən kənara çıxmaq olmaz. Bəli, hər an hər şey baş verə bilər. Ona görə də çalşırıq ki, ayığımızı atdığımız yerlərə diqqət edək.

Bakıdan gedən qrupun baş çəkdiyi növbəti ünvan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi olur. Bu əraziləri də istehkamçılar mina və döyüş sursatlarından təmizləməyə davam edirlər. Aşağı Əbdürrəhmanlı kəndi də Horadiz kəndi ilə eyni gündə - sentyabrın 27-də düşməndən azad olunub.

Mühəndis Qoşunları İdarəsinin rəis müavini Ceyhun Cəfərov bizimlə söhbəti zamanı deyir ki, bu günədək Cəbrayıl, Füzuli və Ağdam rayonları üzrə 2200 hektardan çox əkin sahəsi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Əlavə 92 hektar digər təyinatlı ərazilərdə tam təmizlənmə işləri yerinə yetirilib: “Ümumilikdə 135,5 kilometr yol bərpa edilib və 80 kilometr yeni yol çəkilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından tam təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə mina və 17 min 500 ədəd müxtəlif çaplı döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib”.

Polkovnik qeyd edir ki, Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub, 143-ü isə yaralanıb.

İstehkamçıların təmizlədiyi bəzi əkin sahələri diqqətimi çəkir. Bu ərazilərdə mina və döyüş sursatı aşkarlanaraq zərərsizləşdirildikdən sonra ərazi şumlanıb, dənli bitkilər əkilib. Bir sözlə hazırda ərazilərin əksər hissəsində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə əkin işləri aparılır.

İstehkamçı əsgərlərdən biri ərazilərin minalardan necə təmizlənməsini praktik olaraq izah edir. O, Vətən müharibəsi başlayan gündən Cəbrayıl və Füzuli rayonları ərazisində gedən döyüşlərdə iştirak edib. Əsgər deyir ki, xidmətlərinə görə Ali Baş Komandanın imzaladığı müvafiq sərəncamlara əsasən, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

O bildirir ki, mina və partlamamış hərbi sursatlar tapılarkən əvvəl mina bayraqcıqlarla nişanlanır: “Zərərsizləşməsi mümkün olmayan döyüş sursatı aşkarlanan zaman isə qrup komandirinə məlumat verilir. Bundan sonra komandirin əmri və göstərişi ilə hərəkət edirik. Sonda partlamayan, zərərsizləşməsi mümkün olmayan döyüş sursatları partlayış üsulu ilə məhv edilir. Gün ərzində əraziləri mina və döyüş sursatlarından təmizləyirik. Aşkar olunan mina və döyüş sursatları günün sonunda partlayışla məhv edilir. Ərazilərdə təhlükəsizlik qaydaları tam təmin olunur. Biz bu işimizlə qürur duyuruq”.

İstehkamçıların Aşağı Əbdürrəhmanlı kəndi ərazisində aşkarladığı 1 ədəd tank əleyhinə mina ərazidən çıxırılaraq, təxminən 3 km uzağa aparılır. Rəhbər şəxsin göstərişi ilə mina həmin ərazidə partlayış üsulu ilə zərərsizləşdirilir.

Səfərin sonunda Müdafiə Nazirliyinin zabitləri bizi mexaniki üsulla minatəmizləyən texnikanın olduğu əraziyə aparır. Bu texnika düşmən tərəfindən ərazilərə yerləşdirilmiş minaları surətli şəkildə aşkarlayır. Mexaniki üsulla minatəmizləyən texnikanın vasitəsi ilə ərazidə canlı qüvvənin təhlükəsizliyi təmin edilir. Həmin texnika torpağa basdırılmış minanı aşkarlayaraq yerindəcə zərərsizləşdirir.

Bizim hələ işğaldan azad edilən ərazilərimizdə görüləcək bir çox işlərimiz var, tikiləcək yeni evlər, məktəblər, bağçalar… Qarabağ cənnətə çeviriləcək, həyat qaynayacaq...

Foto-video Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi