Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu il ilk dəfə keçirilən toplantıya ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.
Bundan başqa, toplantının gündəliyinə PKK terrorçularının İraqdakı fəaliyyəti və buna qarşı atılacaq addımlar, Suriya və Liviyadakı son durum, Türkiyə və Yunanıstan rəsmiləri arasındakı görüşlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri mövzuları salınıb.
Qeyd edək ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində həm Rusiya, həm də Türkiyədən 60 hərbçi təmsil olunacaq. Onlar pilotsuz uçuş aparatı vasitəsilə atəşkəsə nəzarət edəcəklər.