Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları hava limanının işi ilə tanış edib.
O, Füzulinin strateji mövqeyi haqqında məlumat verib və onun “Qarabağın qapıları” olduğunu əlavə edib. Eyni zamanda Füzulinin nəqliyyat və logistika habına çevriləcəyinə əmin olduğunu ifadə edib.
Prezidentin xüsusi nümayəndəsi şəhərin bərpası planları haqqında da danışıb: “Mən sizə şəhərin gələcək planı haqqında danışacağam, daha sonra sizinlə şəhərin mərkəzinə səfər edəcəyik. Orada bütün dağıntıları öz gözlərinizlə görəcək, qarşıdan gələn işlərin miqyasını qiymətləndirə biləcəksiniz”.
Qonaqlar bu ərazilərin bərpası və yenidənqurması, minatəmizləmə və postmünaqişə dövründə urbanizasiya potensialından istifadə, habelə beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda iştirak etmək üçün işğaldan azad edilmiş ərazilərə gediblər.
Konfransa sabah Şuşada start veriləcək.