Rəsmi açıqlama: "Azərbaycan nümayəndələrinin Xocalıda görüşü konstruktiv ruhda keçib" - YENİLƏNİB

Rəsmi açıqlama: "Azərbaycan nümayəndələrinin Xocalıda görüşü konstruktiv ruhda keçib" - YENİLƏNİB Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi əra
Qarabağ
7 Dekabr , 2022 15:06
Rəsmi açıqlama: Azərbaycan nümayəndələrinin Xocalıda görüşü konstruktiv ruhda keçib - YENİLƏNİB

Azərbaycan nümayəndələri ekoloji monitorinq aparmaqla bağlı Xocalıda danışıqlar aparıb, görüş konstruktiv ruhda keçib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib:

"Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Görüş konstruktiv ruhda keçmişdir. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək".

11:32

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb.

"Report"un xəbərinə görə, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Bir neçə gün bundan əvvəl danışıqların birinci mərhələsi baş tutmuşdu. Danışıqlar əvvəl Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr başlasa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlı kontingentinin baş qərargahında danışıqlar davam etmişdi. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul edib və monitorinqlərin aparılması razılaşdırılıb. Hazırda nümayəndə heyəti Xocalıda əlavə danışıqların aparılmasını planlaşdırır. Monitorinqlərin ən yaxın zamanlarda baş tutması nəzərdə tutulur.

Qeyd edək ki, burada məqsəd Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni birləşmələrinin və xarici şirkətlərin qanunsuz olaraq filiz yataqlarının istismarı nəticəsində təbiətə vurulan ziyanın monitorinqidir. Burada xüsusən İsveçrənin “Base Metal” adlı şirkəti vurğulanmalıdır. Azərbaycan mediasında bununla bağlı kifayət qədər məlumatlar oldu. Şirkət faktiki olaraq bir müddətdir ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərir. Eyni zamanda əsas məsələ təbii ki, təbiətə vurulan ziyandır. Çünki təbiətə vurulan ziyanın aradan qaldırılması və sonra böyük vəsait və vaxt tələb edir. Bunun da vaxtında aradan qaldırılması və qarşısının alınması daha effektiv üsul ola bilər. Ona görə bu tip iqtisadi fəaliyyətin Azərbaycan ərazisində həyata keçirilməsi təbii ki, Azərbaycanın dövlət qurumları nəzarət altında baş tutmalıdır. Elə buna görə də Azərbaycanın nümayəndə heyəti danışıqların növbəti mərhələsini keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi