44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşanlardan biri də Ulubəyov Nurəhməd Hacıbəy oğludur. N.Ulubəyov 1995-ci il iyun ayının 2-də Bakı şəhərində anadan olub. İbtidai təhsilini Xətai rayonu 29 nömrəli məktəbdə alıb, 5-ci sinifdən isə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. O, 2012-ci ildə həmin məktəbi bitirərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının İqtisadiyyat fakültəsinə daxil olub və 2016-cı ildə Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra müxtəlif yerlərdə çalışıb.
N.Ulubəyov 2020-ci il sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib. O, erməni silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik nümayiş etdirərək 2020-ci il oktyabr ayının 8-də döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabr ayının 9-da Ulubəyov Nurəhməd Hacıbəy oğlu İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Bu gün isə şəhidin doğum günü münasibəti ilə yaşadığı binanın həyətində xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri və rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, şəhid Nurəhməd Ulubəyov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
"Report" videomaterialı təqdim edir:
Operator: Vüqar Xanlarov