Rusiyanın Ukraynada apardığı müharibədə ərazisinin bir qismi bir aydan çox işğalda olan Çerniqov vilayətində ukraynalı hərbçilərin qəhrəmanlar xiyabanında vandalizm baş verib. Çerniqov şəhəri ətrafında yerləşən Yartsevo qəbiristanlığına bitişik, 2014-cü ildən Donbasda Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan ukraynalı hərbçilərin məzarları Rusiya hərbçiləri tərəfindən dağıdılıb, dövlət bayrağı gülləbaran edilib.
Hadisə yerində "Report"un Şərqi Avropa bürosunu tanış edən Ukrayna Ali Radasının Çerniqov vilayətindən (hakim "Xalqın xidmətçisi" Partiyası) deputatı Oleq Seminskiy bildirib ki, bu vandalizm yerli sakinlər, şəhid əsgərlərin valideynlərinə sarsıntı yaşadıb:
"Yartsevo qəbiristanlığında rusların nə qədər özbaşınalıqlar və vəhşiliklər etdiyini görmək olar. Burada dünyasını dəyişən ATO-çuların, 2014-cü ildən döyüşən və o dövrdən dünyasını dəyişən əsgərlərimizin məzarları var. Görünür, elə xüsusi bir vəhşilik onların əhval-ruhiyyəsində olub ki, qəbirləri dağıdıblar. Bayraqlara avtomatlardan güllə atıblar. Onlar eyni zamanda, valideynlərin öz pulları ilə tikdirdikləri ibadətgahı da dağıdıblar. Valideynlər orada məktub qoyurdular, Allaha müraciət edirdilər. Bu dözülməzdir. Yeri gəlmişkən, bu ibadətgah rus patriarxiyasına tabe olan Rus Pravoslav Kilsəsinə tabedir və onlar belə etdilər.
Bundan başqa, onlar, Əfqanıstanda döyüşən əsgər-beynəlmiləlçilərin məzarlığını dağıdıblar. Hansı ki, bunlar onların özləri ilə birgə vaxtı ilə Sovet ordusu nəzdində birgə döyüşüb həlak olanlardır. Eyni özbaşınalıq və vəhşilik ilə dağıdıblar. Hərçənd, Əfqanıstanda hamımız birlikdə döyüşmüşdük – ruslar, azərbaycanlılar, ukraynalılar və belaruslar. Görün nə oldu. Bilmirəm, Putinin beynində nə baş verib. Slavyanları, yəni rusları ukraynalılara qarşı necə qoymaq olardı? Bunun üçün hansı sözlərdən istifadə etmək lazım idi, bilmirəm".
Onun sözlərinə görə, Sinkovka kəndi istiqamətindən gələn Rusiya hərbçiləri bütün kəndləri bombalayıblar: "Senkovkada olanların dediyinə görə, onların texnikalarındakı toplar çexollu olub və rus əsgərləri mülki əhalini salamlayırmış. Yəni, demək istəyirlərmiş ki, bizi qarşılayın. Biz sülhlə gəlmişik. Ancaq insanlar bunu başa düşmürdülər. Demək istəyirəm ki, ordunu o dərəcədə kökləmişdilər, onlar düşünürdülər ki, həqiqətən də 3 gün ərzində Kiyevə çatacaqlar. Biz onları saxladıq, ciddi müqavimət göstərdik".
O.Seminskiy qeyd edib ki, Çerniqovun bombalanması zamanı çox çətin olub, insanlar sadəcə zirzəmilərdə gizlənirdilər:
"İnsanlar bayıra çıxmaqdan qorxurdular. Hakimiyyət kimin harada olduğunu, su və ya yeməyi hara aparmaq lazım olduğunu bilmirdi. Bombardman zamanı 300-dən çox Çerniqovlu mülki şəxs həlak olub. Morqlar, təbii ki, o zaman işləmirdi. İnsanları elə orada, qəbiristanlığın qabaq tərəfində dəfn edirdilər. Səngər qazılırdı və insanlar müvəqqəti olaraq bu səngərlərdə basdırılır və sadəcə olaraq torpaqla örtülürdü. İndi hər kəs üçün qazılan məzarlarda yenidən dəfn edilirlər".