“Peşə fəaliyyətimə ən böyük qiyməti Prezident İlham Əliyev verib” - ƏSGƏR İBRAHİMOVLA 50 İLLİK YUBİLEY SÖHBƏTİ

“Peşə fəaliyyətimə ən böyük qiyməti Prezident İlham Əliyev verib” - ƏSGƏR İBRAHİMOVLA 50 İLLİK YUBİLEY SÖHBƏTİ “Yarım əsrlik ömrümdə səhvlər olsa da, şərəfli günlər daha çoxdur”
Multimedia
20 Sentyabr , 2022 13:21
“Peşə fəaliyyətimə ən böyük qiyməti Prezident İlham Əliyev verib” - ƏSGƏR İBRAHİMOVLA 50 İLLİK YUBİLEY SÖHBƏTİ
Əsgər İbrahimov

“Ömür yolumdan peşman deyiləm, geriyə baxanda sadəcə şərəf duyuram”

“Qarabağ müharibələri ailəmizin həyatında xüsusi iz buraxıb”

“Jurnalistika kimi şərəfli peşənin həyatıma çox böyük təsirləri olub”

Bu gün tanınmış jurnalist, “Report” İnformasiya Agentliyinin redaktoru, “Tərəqqi” medalı ilə təltif edilmiş Əsgər İbrahimovun 50 illik yubileyidir. Eyni zamanda, başqa bir əlamətdar gündən - onun jurnalistika fəaliyyətindən 30 il ötür.

Ə.İbrahimovun imzası Azərbaycan oxucusuna, ictimai-siyasi dairələrinə, jurnalist həmkarlarına yaxşı tanışdır. O, 18 il AZƏRTAC-da - dövlətin mühüm informasiya agentliyində çalışıb, Prezident müxbiri olub.

2021-ci ilin iyunun 4-dən isə onun bütün titullarından daha üstün bir statusu var - ŞƏHİD QARDAŞI. Ə.İbrahimov erməni quldurlarının Kəlbəcərin Susuzluq kəndində basdırdıqları tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalan jurnalist həmkarımız Məhərrəm İbrahimovun qardaşıdır.

Haşiyə: İbrahimov Əsgər Əli oğlu 1972-ci il sentyabrın 20-də Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub. 1979-cu ildə Ardanış kənd orta məktəbində 1-ci sinfə gedib. Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb.

1992-ci ilin oktyabrından 2010-cu il yanvarın 1-dək Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-da müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan dilində İnformasiya Baş Redaksiyasının Baş redaktoru və Prezident müxbiri olub.

Ə.İbrahimov həmçinin “Respublika” qəzetində, ANSPRESS.COM portalında məsul vəzifələrdə işləyib.

2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Həmin il martın 6-da Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqının (AzərKİVİHİ) Rəyasət Heyətinin Fərmanı ilə mətbuatda uzunmüddətli fəaliyyətinə və ədəbi publisistik yaradıcılıq nailiyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də “Tərəqqi” medalı ilə təltif edilib.

2016-cı ildən indiyədək “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində fəaliyyətini davam etdirir.

Ailəlidir, 2 övladı var.

Ə.İbrahimovla yubiley söhbətini təqdim edirik.

- 50 illik ömür yolu və 30 illik jurnalistika fəaliyyəti - hər ikisi yuvarlaq rəqəmlərdir. Bu yubileylər sizin üçün nə ifadə edir?

- Əvvəla yubiley günümdə məni xatırlayıb, diqqət ayırdığınız üçün təşəkkür edirəm. Əlli yaş yarım əsrlik ömür deməkdir. İndiki dövrdə insan həyatı üçün az bir rəqəm deyil. Amma bu 50 illik ömrün tərkibində 30 illik başqa bir ömür də var. Bu ömür isə mənim həyatımda çox şeyi dəyişib. 30 illik jurnalistika fəaliyyətim dünyaya baxışın, insanlara münasibətin, dünya görüşün formalaşması və ən əsası insanlıq elminin öyrənilməsində çox faydalı olub. Mən Göyçə mahalının Ardanış kəndində dünyaya göz açmışam. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəmiz 1989-cu ildə qaçqın düşdüyü üçün Şəmkirə, oradan isə orta məktəbi başa vurmaq üçün Bakı şəhərinə gəlmişəm. Həmin ildə Binəqədi rayonundakı 99 nömrəli orta məktəbi bitirmişəm.

Yarım əsrlik ömrün içərisində səhvlər olsa da, ümumən şərəfli günlər daha çoxdur. Bu baxımdan mən ölkəmizin bu çağında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş mərd mübarizlərimizə görə doğum günümü təmtəraqlı deyil, rəmzi olaraq qeyd edirəm. Bunun içərisində üç onillik jurnalistika fəaliyyətimi də göz önünə gətirərək geriyə baxdıqda ömür yolumdan peşman deyiləm.

- Jurnalistika sahəsinə gəlməyiniz necə olub?

- Bu, 1992-ci il Milli Azadlıq Hərəkatının olduğu dövrə təsadüf edir. Mən onda vaxtı ilə çalışdığım indiki Azərbaycan Dövlət İnformasiya Agentliyində (red: o vaxt AZƏRİNFORM adlanırdı) fəaliyyətə başladım. O dövrdə AZƏRİNFORM daha çox rus dilində informasiyalar yayırdı, yəni xəbərlər rus dilində yazılır və Azərbaycan dilinə tərcümə olunurdu. Orada milli düşüncə tərzi zəif idi. Bununla bağlı olaraq milli ruhlu gənclərin AZƏRİNFORMA cəlb edilməsi məqsədi ilə elan verilmişdi. Mən də qatılmaq qərarına gəldim və təlimlərdə iştirak etdim. Nəhayət, 1992-ci il avqustun sonlarında yoxlanıldıqdan sonra oktyabr ayından rəsmi olaraq işə qəbul olundum. Həmin ildən ölkədə siyasi vəziyyət tədricən dəyişməyə doğru gedirdi.

Onu da xüsusi qeyd edim ki, jurnalist fəaliyyətimin bünövrəsi, bu peşənin dərindən öyrənilməsi və inkişafı birbaşa olaraq Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Çünki 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı dövründə gənc jurnalist kimi daim öndə olmuşam. Demək olar ki, Ümummilli Liderin iştirak etdiyi tədbirlərin, səfərlərin işıqlandırılmasında fəal rol oynamışam, bir sözlə, çətin sınaqlardan keçmişəm. Bu da mənim jurnalistika fəaliyyətimin demək olar ki, təməli, əsasıdır.

- Nə zamansa başqa sahəyə keçməyi düşünmüsünüzmü?

- Sizə deyim ki, mən həm teatr kollektivinin rejissoru ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, həm də dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Bu baxımdan rejissorluq və idarəetmə üzrə fəaliyyətim zəif olmayıb. Hələ 1993-cü ildə “Xəzinə” Ədəbi-Bədii Studiyasını təsis etmişdim. Jurnalistika təhsilim olmasa da, hərdən məndən soruşanda deyirəm ki, mən özümü Ulu Öndər Heydər Əliyev jurnalistika məktəbinin yetirməsi hesab edirəm. Jurnalistika fəaliyyətim öz yerində, yaradıcılıq sahəsini də unutmamışdım. “Xəzinə” Ədəbi-Bədii Studiyasının tərkibində Aşıq Ələsgər Məclisi, estrada, rəqs qrupları, dastan teatrı fəaliyyət göstərirdi. Hazırladığımız tamaşalarla, konsert proqramları ilə Gürcustana, Türkiyəyə, İraqa, eləcə də öz bölgələrimizə qastrol səfərlərimiz olub. Müəllifi olduğum “Aşıq Ələsgərlə Səhnəbanunun sevdası” dastan teatrı o dövrdə ölkəmizin öndə olan teatr səhnələrində göstərilib, tamaşaçı rəğbəti qazanıb. Səhv etmirəmsə, həmin dastan teatrının lent yazısı Azərbaycan Dövlər Televiziyasının fondunda olmalıdır, çəkilişin bir nüsxəsini hələ də saxlayıram. Sadəcə olaraq, 1995-ci ildən siyasi jurnalistikaya meyil etdiyimə görə yaradıcılıq sahəsi mənim üçün bir az məhdudlaşdı.

- Jurnalistikanın həyatınıza hansı təsirləri olub? Bilərəm ki, bu sahə tək sizin üçün deyil, ailəniz üçün də xüsusi yer tutur. Şəhid jurnalist Məhərrəm İbrahimov həm də sizin qardaşınızdır...

- Allah bütün şəhidlərimizə rəhmət etsin! Bəli, doğru buyurursunuz. Bizim ailə sözün əsl mənasında vətənpərvər olub. Biz hər zaman dövlətimizə, xalqımıza bağlı bir ailə olmuşuq. Mənim atamın atası, yəni babam Vəliyev Məhərəm İbrahimoviç İkinci Dünya müharibəsində - 1943-cü il sentyabrın 2-də Xarkov uğrunda gedən döyüşlərdə rəşadət göstərərək həlak olub. Babam ilə bağlı Rusiya Müdafiə Nazirliyinin arxvindən materiallar tapmışam. Məzarı da Xarkovdadır. Ana babam İsmayıl kişi ötən əsrin 20-30-cu illərində ermənilərə qarşı Məşədi Hümbət kimi el qəhrəmanının silahdaşı olub, bir yerdə mübarizə aparıb. Onların bu mübarizliyi, vətənpərvərliyi görünür, bizdən də yan keçməyib.

Vurğulamaq istəyirəm ki, Birinci və İkinci Qarabağ müharibələri də bizim tərcümey-halımızda xüsusi iz buraxıb. Belə ki, ötən əsrin 90-cı illərində dəfələrlə cəbhə bölgələrinə ezam olunmuşam, erməni vandallarının işğalçılıq fəaliyyətini işıqlandırmışam. İkinci Qarabağ savaşında isə vətənpərvər kimi ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında fəal şəkildə iştirak etmişəm. Məndən kiçik qardaşım Ələsgər İbrahimov Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Füzuli uğurunda gedən döyüşlərdə gözündən və əlindən yaralandığı üçün 1-ci qrup əlildir. İkinci Qarabağ müharibəsində isə mənimlə həmkar olan qardaşım Məhərrəm İbrahimov AZƏRTAC-ın xüsusi müxbiri kimi xidməti peşə fəaliyyətini yerinə yetirərkən 44 günlük Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun Susuzluq kəndində minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Qardaşımın yoxluğu bizi kədərləndirsə də, o, adını mətbuat tarixinə "müharibənin gizli qəhrəmanı", "cəsur jurnalist" kimi yazdırdı.

Bu şərəfli peşənin həyatıma çox böyük təsirləri olub. Məhz bu peşə sayəsində, təqribən, 18 il ərzində 100-dən çox ölkədə rəsmi və ya qeyri-rəsmi səfərlərdə olub, rəsmi şəxslərlə həmsöhbət olmuşam, müsahibələr almışam. 1992-ci ilin oktyabrından 2010-cu il yanvarın 1-dək AZƏRTAC-da müxtəlif vəzifələrdə çalışaraq, Azərbaycan dilində İnformasiya Baş Redaksiyasının Baş redaktoru və Prezident müxbiri olmuşam. Geriyə baxanda isə sadəcə şərəf duyuram. Çünki həmişə fəaliyyətimdə peşəmin təmiz adını qoruyaraq dövlətimizə, xalqmıza, Prezidentimizə sadəqətli olmuşam.

- Belə bir anlayış var: Vətəndaş və jurnalist. İlləridir bu sahədə olan biri kimi necə düşünürsünüz, əvvəlcə vətəndaş sonra jurnalist, yoxsa əksinə?

- Heç şübhəsiz, ilk növbədə vətəndaş. Bəllidir ki, insanlar müəyyən yaşa çatdıqdan sonra peşə sahibi olurlar. Yəni layiqli vətəndaş, vicdanlı vətəndaş olmadan istənilən peşədə uğur qazanmaq çətindir. Ona görə də birinci növbədə insanlıq, vicdan öndə gəlir. Mən jurnalistikada vicdanı hər zaman ən mühüm amil hesab etmişəm. Bu baxımdan düşünürəm ki, vicdanı olan insan həm nümunəvi vətəndaş, həm də peşəkar olacaq.

- Nə qədər mübarizə aparılsa da fakta əsaslanmayan, qərəzli informasiyaların tirjlanmasının qarşısının alınmasında hələ də problemlər var. Bu mənada medianın mənzərəsini necə qiymətləndirirsiniz?

- Mediadan danışarkən ümumi mənzərini təsvir etmək üçün jurnalistika həyatımı 2 mərhələyə bölmək istəyirəm. Birinci mərhələ 1990-2010-cu ilə qədər olan, yəni dövlət sektoru ilə bağlıdır. İkinci isə 2010-cu ildən bu yana olan dövr, yəni özəl sektorda, müstəqil jurnalistika fəaliyyətidir. Birinci mərhələdə jurnalistikaının mənzərəsi yaxşı olmayıb, bu jurnalistikada çalışan şəxslərlə bağlı deyil, peşəkar, vicdanlı jurnalistlər hər zaman olub. Amma jurnalistikanın ümumi vəziyyəti ağır idi. Maddi vəziyyət, psixoloji durum çox çətin idi. Müstəqilliyimiz yenicə bərqərar olmuşdu. Bu kimi amillər ümumi vəziyyətə təsir edirdi. Burada öz mənfəətini, mənafeyini güdən insanlar da var idi. Ancaq 1993-cü ildə vəziyyət dəyişdi. Ulu Öndərin hakimiyyətə gəlişi, onun mediaya göstərdiyi diqqət və qayğı müsbət tendensiyanın başlanğıcı oldu. Mən bunların canlı şahidi olmuşam.

İkinci mərhələ isə 2010-cu ildən sonrakı, yəni müstəqil jurnalistika ilə bağlıdır. Bu dövrdə artıq yeni düşüncə tərzi yaranmış, müasir cəmiyyət formalaşmışdı. Prezident İlham Əliyevin uğurlu siyasəti, rəhbərliyi sayəsində beynəlxalq layihələr icra olunur, iqtisadiyyat dirçəlir, ölkəmiz inkişaf edirdi. Bunun sayəsində jurnalitika da burdan öz payını alaraq dirçəliş dövrünü yaşamaya bilməzdi və kütləvi informasiya vasitələri öz simasını demək olar ki, tam dəyişdi, müstəqil agentliklər, portallar yarandı. Məhz indi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması işini elə həmin dövrdə təsis olunan müstəqil media qurumları görür. Bu media orqanlarından biri də “Report” İnformasiya Agentliyidir. Mən 2016-cı ildən indiyədək bu Agentlikdə redaktor vəzifəsində çalışıram. "Report" sözün əsl mənasında məktəbdir. İstər idarəetmə, şəffaflıq, istər informasiyaların dünya və yerli ictimaiyyətə çatdırılması, gənclərin media sahəsinə cəlb olunması və yetişdirilməsi baxımından Azərbaycan jurnalstikasına böyük töhfə verir. Ona görə də, medianın bugünkü mənzərəsi ürəkaçandır və media ölkəmizin mənafeyi naminə üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.

Əlbəttə, onu da deyim ki, bu gün qərəzli informasiyalar var. Azərbaycan inkişaf etdikcə onun düşmənləri artır. Bu, sadəcə olaraq qısqanclıq əlamətidir. Bundan əvvəl danışdığımız vicdan məsələsinə qayıtmaq istəyirəm. Vicdanı olan jurnalist qərəzli informasiya yaymaqdan hər zaman çəkinir. Kimisə incidə bilərlər, kiminsə problemləri həll olunmaya bilər. Bu fərdi məsələlərdir. Vicdanlı insan, vicdanlı jurnalist fərdi məsələləri əsas götürərək vətənin mənafeyi naminə ziyanlı işlərə qol qoymamalıdır. Xüsusən indi olduqca həssas dövrdür. Mənfur qüvəllər Azərbaycanın qələbəsini heç vaxt istəmir. Bu baxımdan mübarizə aparılmalı, informasiya müharibəsində də daim qalib gəlməliyik.

- Siz bu sahəyə gələndə çap mediası, irihəcmli yazılar daha populyar idi. Günümüzdə isə insanlar daha çox sosial şəbəkələrdən operativ və yığcam informasiya qəbul etməyə meyillidirlər. Buna səbəb nədir?

- Bunun bir neçə səbəbi var. Bu gün sosial şəbəkələrdə hər cür məlumat var. Sosial şəbəkənin mövcudluğu bir baxımdan əlbəttə, yaxşıdır. İnsanlar daha tez informasiya alır və məlumatlı olurlar. Amma mənfi tərəfləri də çoxdur. Doğrusu, bugünkü jurnalistikadan bir az təəssüflüyəm, ona görə ki, günümüzdə jurnalistika fikirlərin izahından daha çox şəxsi məsələlərə yönəlir. Ümummilli məsələlərdə qərəzli yanaşma, qərəzli mövqe nümayiş etdirmək olmaz. Sosial şəbəkə informasiyanın mənbəyi kimi əsas sayıla bilməz. Burada jurnalistin rolu oradakı məlumatı toplamaq, araşdırmaq, məlumatı dəqiqləşdirdikdən sonra ictimaiyyətə çatdırmaq olmalıdır.

Bəli, vaxtilə çap mediası idi və irihəcmli yazılara ehtiyac duyulurdu. İnsanların oxumaq, məlumat əldə etmək marağı daha çox idi. O çətin, təlatümlü illərdə ölkədə, eləcə də beynəlxalq aləmdə baş verən proseslərdən xəbərdar olmaq üçün alternativ mənbələr olmadığı üçün məcbur çap mediasına müraciət olunurdu. Amma indi zaman dəyişib, texnologiya inkişaf edib, azad, sərbəst mətbuat, sosial şəbəkələr var, söz azadlığı daha geniş yayılıb. Belə olan halda insanların informasia əldə etmək imkanı daha da genişlənib. Digər tərəfdən, beynəlxalq aləmdə baş verən hadisələr çox tez-tez dəyişir. Bu baxımdan mətbuat indi bu hadisələri vaxtında ictimaiyyətə çatdırmaq üçün yığcam xəbərlərə üstünlük verir və belə də olmalıdır. Belə olmasa indiki rəqabət mühitində geri qalarsınız və heç kim sizin media orqanını izləməz.

- Jurnalistika fəaliyyətinizə verilən qiymətdən razısınızmı?

- Əlbəttə, o dövrdəki fəaliyyətim həmişə qiymətini alıb, səmərəli fəaliyyət daim diqqət mərkəzində saxlanılıb və bir çox mükafatlarla dəyərləndirilib. Mənim peşə fəaliyyətimə ən böyük qiymət Prezident İlham Əliyev tərəfindən verilib. Belə ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkə mətbuatının inkişafındakı xidmətlərimə görə 2005-ci il fevralın 28-də “Tərəqqi” medalı ilə təltif edilmişəm.

Bundan əlavə, 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.Həmin ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqının (AzərKİVİHİ) Rəyasət Heyətinin Fərmanı ilə mətbuatda uzunmüddətli fəaliyyətinə və ədəbi publisistik yaradıcılıq nailiyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülmüşəm. Bir çox yerli və beynəlxalq təşkilatlarda seminarlarda iştirak edərək, diplom, Fəxri Fərman və mükafatlarla təltif olunmuşam.

- Əsgər müəllim, bir daha sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq...

- Çox minnətdaram müsahibə üçün. Bir daha qeyd etmək istəyirəm ki, şəhidlərimizin olduğu bir vaxtda doğum günü qeyd etmək fikrində deyiləm. Amma 30 illik jurnalistika fəaliyyəti olduğu üçün mətbuat işçisi kimi diqqət göstərdiniz, mən də müsahibədən çəkinmədim. Əlbəttə, biz yaradıcılıq fəaliyyətimizi, keçmişimizi unutmamalıyıq. Zaman keçir, yaş ötür. Ona görə də tövsiyə edirəm ki, hər bir insan öz dəyərini bilsin. Əgər bir insan öz dəyərini bilirsə, o dostunun, xalqının, ölkəsinin də dəyərini biləcək. Mən həmişə demişəm ki, şəhid verən millət qəhrəmandır, o millət heç vaxt başını əyməməlidir, hər zaman düşmənin gözünə dik baxmalıdır. Bizim gələcəyimiz parlaqdır. Gələcək nəsillərimizi gözəl günlər gözləyir. Mən dövlətçiliyimiz naminə ölkəmizin rəhbərinə, Ali Baş Komandana tutduğu doğru, düzgün, qələbə yolunda möhkən cansağlığı arzulayıram. Həmkarlarıma isə bu peşənin əsgərləri kimi daim sağlam olsunlar və Azərbaycan medianın keşiyində hər zaman anlı açıq, şərəflə dayansınlar!

Son xəbərlər

Orphus sistemi