Misirin qədim piramidaları və sirli Sfinks - FOTOREPORTAJ

Misirin qədim piramidaları və sirli Sfinks - FOTOREPORTAJ "Giza xəzinəsi" əsrlər boyu öz sirlərini qoruyub saxlayıb
Multimedia
8 Aprel , 2016 11:38
Misirin qədim piramidaları və sirli Sfinks - FOTOREPORTAJ

Qahirə. 8 aprel. REPORT.AZ/ Söhbət Misirdən düşəndə hər bir insanın ağlına nə gəlir? Əlbəttə ki, piramidalar, mumiyalar, Sfinks. Artıq 4 min ildir mövcud olan bu tarixi obyektlər ildə yüz minlərlə turisti maqnit kimi Misirə cəzb edir. Piramidaların yanında olarkən bu tikilinin insan əliylə inşa edilməsinə inanmaq çətindir. "Report" bu "mədəniyyət beşiyi"ndən reportaj təqdim edir.

Ümumiyyətlə, Misirdə 110-a qədər piramida var. Amma bunların arasında ən məşhurları Giza nekropolunda yerləşən Xefren, Xeops və Mikerin ehramlarıdır. Ölçü baxımından ən böyük piramida 138 metrlik hündürlüyə malik Xeops piramidasıdır. Xefren piramidası ondan cəmi 2 metr alçaqdır. Təəssüf ki, bu gün piramidalarda daşlardan başqa heç nə qalmayıb. Sərvətin böyük hissəsi ya qədim oğrular tərəfindən ələ keçirilib, ya da fransızlar, almanlar və ingilislər tərəfindən daşınıb. Piramidalarda tapılmış mumiyalar, 12 kq çəkiyə malik Tutanxamonun qızıl maskası hazırda məşhur Qahirə Muzeyində saxlanılır.

Bir piramidanın tikintisi üçün təxminən 2,5 milyon daş bloku lazım gəlirdi. Daşlar Qahirə yaxınlığında karxanalarda kəsilir və tikinti meydanına gətirilirdi, piramidalar üçün mərmərlər isə Misirin cənubundan çayla daşınırdı. Maraqlıdır ki, alimlər indiyədək misirlilərin bu piramidaları yardım olmadan necə tikdiyini müəyyənləşdirə bilməyib. Ax,ı bir daş blokunun çəkisi 2 tona yaxındır, piramidanın tikintisi üçün isə 40 il (20 il blokların kəsilməsinə, 20 il də tikintiyə) lazımdır...

Sərbadəyə fironun mumiyasından əlavə, onun o biri dünyada istifadə edə biləcəyi düşünülən ən qiymətli və bahalı şeylər qoyulurdu. Böyük piramidaların ətrafında kiçik ölçülü piramidal inşa edilirdi. Bunlar fironun anası, uşaqları və arvadları üçün nəzərdə tutulurdu.

Mumiyalama prosesinin özü də maraqlıdır. Ölmüş fironun cəsədini məbədə gətirir, sonra onun daxili orqanlarını - qaraciyər, mədə, ürəyini çıxarıb ayrı-ayrı qablara yerləşdirirdilər. Ölmüş fironun beynini isə qədim kahinlər burnundan çıxarırdı, çünki onu balzamlamaq qeyri-mümkün görünürdü.

Giza nekropolunun digər vacib və heç də az sirli olmayan abidəsi Böyük Sfinksdir - əhəngdaşı parçalarından hazırlanmış üzü insan, bədəni aslan formasında olan nəhəng abidə. Heykəlin ölçüləri heyranedicidir: onun uzunluğu 72 metr, hündürlüyü isə 20 metrdir. Vaxtilə Sfinksin ön pəncələr arasında kiçik ziyarətgah olub. Sfinksi ilk olaraq kimin aşkarladığı məlum deyil. Amma təəssüf ki, abidə bizim günümüzə ilk vəziyyətindəki kimi gəlib çatmayıb. Belə ki, 1798-ci ildə misirlilərlə fransızlar arasındakı müharibədə fransızların atdığı top mərmisi Sfinksin burnunu zədələyib. Abidəyə daha bir ziyan britaniyalıların "çənəaltı saqqalı" sadəcə özününküləşdirib Londona aparılmasıyla vurulub.

Bu gün piramidalar və Sfinks bir çox problemlərlə üzləşir. Bura vandalizm, insanların tarixə hörmətsizliyi, qum çöküntüsü, eroziya və Qahirəylə Gizanın ekologiyasının pisləşməsi daxildir. Bununla belə, bərpa işləri nəticəsində bu nəhəng abidələr bütün dünyadan gələn turistlər önündə əzəmətlə dayanır. Hava qaralanda isə turistlərə abidələrin tarixi ilə bağlı xüsusi lazer və işiq şüaları ilə şou təqdim olunur.

Alimlər piramidalar və Sfinksin yaradılması haqqında çox şey öyrənə bilsə də, bu heç də hər şey demək deyil. Çünki fikirlərin çoxu fərziyədir. Odur ki, qədim piramidalar və Sfinks əsrlər boyu öz sirlərini qoruyub saxlayıb və indi də saxlamaqdadır.

Son xəbərlər

Orphus sistemi