“Heyvanlara müəssisənin pəncərələrinin önündə qida qoymaq qadağandır! Əks halda cərimə olunacaqsınız! Təmizliyə riayət edin! Bura tibb müəssisəsidir!”.
Sözügedən xəbərdarlıq metronun "28 May" stansiyasının yaxınlığında yerləşən Ailə Planlaması Məsləhətxanasının pəncərələrinə yapışdırılıb.
“Report”un əməkdaşları xəbərdarlığın hansı məqsədlə yazılması ilə maraqlanıb. Məsələ ilə əlaqədar tibb müəssisəsindən bildirilib ki, xəbərdarlığın yazılmasına səbəb heyvanlara qoyulan qidanın müəssisənin pəncərələrinin önünü çirkləndirməsi və xoşagəlməz qoxunun yaranmasıdır. Cərimə tətbiq etmələri ilə bağlı məsələyə gəldikdə, bunu sadəcə insanları “qorxutmaq” məqsədi ilə etdiklərini bildirdilər .
Vəkil Rəşad Əliyev “Report”a bildirib ki, bu kimi hallarda hansısa bir müəssisənin cərimə tətbiq etmək və ya bu formada xəbərdarlıq yazmaq hüququ yoxdur:
“Ərazi hər hansısa bir quruma məxsusdursa və həmin qurumu narahat edən müəyyən bir problem yaşanırsa, o, sadəcə olaraq ərazidəki qaydalarla bağlı elan xarakterli yazı yaza bilər. Həmin qurumun bu formada xəbərdarlıq yazmaq və ya cərimə tətbiq etmək hüququ yoxdur. Hansısa ərazininin çirkləndirilməsi, məişət tullantılarının atılması olduğu halda cərimə yazmaq sadəcə daxili işlər orqanlarına aiddir”.
Mövzu ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik.
P.S. Material dərc edilənə qədər Ailə Planlaması Məsləhətxanasının pəncərəsinə vurulmuş elan başqa mətnlə dəyişdirildi.