Vətən müharibəsi şəhidi Xəyal Balakişiyevin xatirəsi əbədiləşdirilib.
“Report” xəbər verir ki, şəhidin vaxtı ilə oxuduğu Yasamal rayonu ərazisində yerləşən 175 saylı tam orta məktəbin divarında barelyefi vurulub.
Bu gün barelyefin açılışı mərasimi keçirilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, 175 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Dövlət Himni səsləndirilib.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açılıb, onunla bağlı xatirələrini bölüşüblər.
X.Balakişiyevin anası Nazimə Vəliyullayeva bildirib ki, oğlu İkinci Qarabağ müharibəsinin başlanma xəbərini eşidəndə çox sevinib: "Xəyal hər zaman döş cibində Azərbaycanın üçrəngli bayrağını daşıyardı. Həmişə deyirdi ki, mən bu bayraq uğrunda şəhid olacağam. Bu söz onun dilində əzbərə çevrilmişdi. Elə də oldu. Oğlum bayraq, torpaq, Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi".
Qeyd edək ki, Xəyal Müseyib oğlu Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun baş atıcı əsgəri olan X.Balakişiyev Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 25-də Füzulidə şəhidlik zirvəsinə ucalıb. İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, X.Balakişiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.