Bakıda evləri yanan məcburi köçkünlər: “Hələ gözləyirik” - FOTOREPORTAJ

Bakıda evləri yanan məcburi köçkünlər: “Hələ gözləyirik” - FOTOREPORTAJ Dövlət rəsmiləri əraziyə baş çəkib
Multimedia
12 Sentyabr , 2017 12:51
Bakıda evləri yanan məcburi köçkünlər: “Hələ gözləyirik” - FOTOREPORTAJ
Report / Firi Səlim

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binanın yanması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) nümayəndəsi və başqaları baş çəkib.

Dövlət rəsmiləri hadisə yerinə baxış keçirib, sakinlərlə söhbət edib. Sakinlərə bildirilib ki, onların hansı əraziyə yerləşdirilməsi ilə bağlı yaxın saatlarda qərar qəbul olunacaq.

Hazırda bina sakinləri təxliyyə olunub, onlara hara köçürüləcəkləri ilə bağlı heç bir məlumat verilməyib. Sakinlər "Report"a bildirib ki, bina uzun müddətdir qəzalı vəziyyətdədir, bu illər ərzində kömək üçün bütün müvafiq qurumlara dəfələrlə yazılı müraciət olunub. Lakin müraciətlərin nəticəsi olmayıb.

Bina sakini, məcburi köçkün Çimnaz İsgəndərova rəsmi şəxslərin onların yaşadığı əraziyə olan biganəliyindən gileylənib: "Bu da nəticə... Yanğın gecə saat 4-də baş verdi. Yanğın olan kimi uşaqları, qocaları, xəstələri binadan tez çıxartdıq. Şükür ki, heç kimə heç nə olmadı. Yanğınsöndürənlər gələnə kimi cavanlar demək olar ki, yanğını söndürdü. Gecədən də hamı həyətdədir, hara gedəcəyimizi bilmirik, evə isə girmək mümkün deyil. Veriləcək qərarı gözləyirik".

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report"a açıqlamasında xatırladıb ki, səhər saatlarında İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ərazidə olub: "Hazırda qurumda məsələ ilə bağlı İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə iclas keçirilir. İclasın sonunda yanmış binada yaşayan məcburi köçkünlərin harada yerləşdiriləcəyi ilə bağlı qərar veriləcək".

Onun sözlərinə görə, yanğın zamanı zərər çəkmiş ailələrə, şəxslərə lazımi köməklik göstəriləcək.

Qeyd edək ki, yanan binada əsasən Zəngilan, Füzuli, Ağdam və Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

Müxbir: Aynur Osmanqızı

Son xəbərlər

Orphus sistemi