Bakı. 14 dekabr. REPORT.AZ/ “Dənizkənarı Bulvar ərazisində ilk dəfə olaraq 35 metr hündürlüyündə şam ağacının quraşdırılmasına başlanılıb”.
Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.
Şam ağacanın quraşdırılması ilə bağlı işlərin bu ayın üçüncü on günlüyündə yekunlaşacağını qeyd edən İdarə rəsmisi bildirib ki, ərazidə olan ağacların işıqlandırılması və bəzədilməsi prosesinə başlanılıb: “Bundan başqa, “Şeş-beş” adlanan ərazidə də 24 metr hündürlüyündə şam ağacanın quraşdırılması prosesi davam edir”.
O, həmçinin əlavə edib ki, bayram günlərində bulvar ərazisində yerləşən 20-yə yaxın karusel və atraksionun qiymətlərində müəyyən endirimlər nəzərdə tutulur: “Bayram günləri həm də səyahət gəmiləri və qatarlar da endirimli qiymətlərlə fəaliyyət göstərəcək. Saat qülləsinin bəzədilməsi ilə bağlı konkret qərar yoxdur. Bayram günü təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunacaq. Çox güman ki, bu il də ənənəyə uyğun olaraq, atəşfəşanlıq olacaq. Bu işi hər zaman Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir”.
Eyni zamanda, Bakının Fəvvarələr meydanında da Yeni ilin simvolu olan şam ağacı hələ dekabrın 3-dən quraşdırılıb. Orada “Nargis Fund”un rəhbərliyi ilə növbəti, dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası keçirilir.
Yanvarın 15-dək davam edəcək yarmarkada toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq. Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.
Foto: Elşən Baba