Bakı. 14 mart. REPORT.AZ/ Masallı sakini qeyri-adi maşın düzəldib. "Report"un məlumatına görə, rayonun Türkoba kənd sakini Oktay Rzayev Rusiya və Almaniya istehsalı olan bir neçə avtomobilin ehtiyat hissələrində dəyişiklik edərək yeni avtomobil hazırlayıb. Hazırda avtomobil üzərində son tamamlanma işlərini apardığını deyən həvəskar avtomobil konstruktoru O.Rzayev avtomobilə nə qədər vəsait xərclədiyini hesablamasa da, bundan sonra 6 000 manata ehtiyac olduğunu bildirib: "Yeni maşının iki qapılı, idman üslubunda və üstü açıq olması nəzərdə tutulub. Lakin avtomobilin üstünü istənilən vaxt bağlayıb, açmaq mümkün olacaq. Maşının qapıları adi formada deyil, yuxarı-aşağı və horizantal şəkildə hərəkət etdirilməklə avtomatik açılıb bağlanacaq. Avtomobilin mühərrikində də dəyişiklik olununb və 200-220 at gücünə uyğunlaşdırılıb. Yanacaq sərfiyyatı isə 100 kilometrə 9 litr nəzərdə tutulub".
Qeyd edək ki, O.Rzayev atası ilə birlikdə çalışdığı təmir sexində avtomobil hissələrinin xüsusiyyətini və iş prinsiplərini öyrənib. O, 1990-cı ildən başlayaraq bir neçə avtomobil modeli üzərində işləyib. Son hazırladığı avtomobilə "TOTAz" adını verib.