Milli Məclis Aparatında şöbə müdirinin müavini vəzifəsinə təyin edilən şəxsin Vətən müharibəsi qazisinin atası olduğu məlum olub.
"Report"un xəbərinə görə, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunan Eldar İsmayıl oğlu Əsgərovun oğlu Sabir Əsgərov Vətən müharibəsi qazisidir.
Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır. İxtisasca hüquqşünas olan, iki övlad atası Sabir Əsgərov öncə Füzuli rayonunda bir neçə kəndin mənfur erməni işğalçılarından azad edilməsində iştirak edib. Sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılaraq o ərazidəki yüksəkliklərin ələ keçirilməsində şücaət göstərib. Şiddətli əks-hücum əməliyyatlarından birində sol ayağından çox ağır qəlpə yarası alsa da, axşamdan səhərə qədər səngər yoldaşlarına kömək edib.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Sabir Eldar oğlu Əsgərov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. Qazinin atasının Milli Məclisdə belə bir yüksək vəzifəyə təyin olunması isə Vətən müharibəsi iştirakçılarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilməsinin daha bir nümunəsidir.