İqlim dəyişikliyi kollektiv səy tələb edən ən böyük problemlərdən biridir və gələcək nəsillərin taleyi bu gün atacağımız addımlardan asılıdır. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) ev sahibi olaraq seçilməsi və tədbirin bu ilin noyabr ayında Bakıda keçirilməsi Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə səylərinin tanınması kimi qiymətləndirilməlidir.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxışı zamanı səsləndirib.
Milli Məclisin sədri Azərbaycanın COP-29-a ev sahibliyi etməsindən böyük şərəf duyduğumuzu və bu məsələdə məsuliyyəti də dərk etdiyimizi deyib. O bildirib ki, ümumi iş naminə toplumları və ölkələri birləşdirmək potensialına malik olan Azərbaycan beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyin gerçəkləşdirilməsi səylərini istiqamətləndirməyə hazırdır.
İqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etmək və hədəflərə çatmaq üçün bütün tərəflərin iştirakının vacibliyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, davamlı və firavan gələcək üçün ortaq baxışlarımızı yalnız konstruktiv əməkdaşlıq, daha böyük məsuliyyət və kollektiv fəaliyyət sayəsində həyata keçirə biləcəyik.
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın iqlim dəyişikliyini təcili müdaxilə tələb edən dörd prioritet sahədən biri olaraq təyin etdiyinə diqqət çəkib və bu qurumun parlamentlərin iqlim dəyişikliyi ilə mübarizə və iqlim dəyişikliyi fəaliyyətlərini səfərbər etmək səylərini dəstəkləmək istiqamətində böyük yol qət etdiyini bildirib.
Spiker diqqətə çatdırıb ki, bu məsələnin Parlamentlərarası İttifaqın fəaliyyəti üçün xüsusi əhəmiyyətini nəzərə alaraq və Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır. Bu görüş parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizəyə dair hansı təkliflər verə biləcəklərini müzakirə etmək üçün mühüm imkanlar yaradacaq.