"Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib

Milli Məclis
  • 30 oktyabr, 2026
  • 12:45
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib

Milli Məclis "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.

Sənədə görə, hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər pulsuz peşəkar hüquqi yardım alacaqlar.

Həmin şəxslər:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

- əlilliyi olan işləməyən şəxslər;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslərdir.

Hüquqi yardıma ehtiyacı olan digər şəxslər sırasında şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər də yer alır.

Bununla bərabər, "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayan şəxslər, qaçqın statusu almış şəxslər, Azərbaycan tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 il müddətinə), üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardımla təmin olunacaqlar.

Layihədə qeyd edilib ki, peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Sənəddə vurğulanıb ki, Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə bu məcəllə və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Pulsuz hüquqi yardım vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilməyəcək.

Sənədə görə, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli miqdarında müəyyən olunur.

Layihəyə əsasən, pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 faizi həcmində əlavə ödəniləcək.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 misli miqdarında ödəniləcək. Bu zaman əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalacaq.

Qanun layihəsində vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur.

Belə ki, pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən "pro bono" hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bundan başqa, Milli Məclis Mülki Prosessual, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik layihəsini "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinə uyğunlaşdırılmasını ilk oxunuşda qəbul edib.

Belə ki, hazırkı qanun layihəsi şəhid ailəsi statusunu almış ailələrin, veteranların, qaçqın statusu almış şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların, yetkinlik yaşına çatmayanların, insan alveri qurbanlarının, sosial yardım alan ailənin üzvlərinin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, əlilliyi olan işləməyən şəxslərin pulsuz hüquqi yardım almaq hüququnu təsbit edir.

Qeyd edilib ki, "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsindən dolayı, dəyişikliklərin edilməsi zəruri olan qanunlardan biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Hazırki layihə həmin qanunda vəkillərin pulsuz hüquqi yardım göstərmək vəzifəsini, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin pulsuz hüquqi yardımın göstərilməsi üzrə fəaliyyətini tənzimləyir. Layihədə önəmli məqamlardan biri də odur ki, vəkil haqqının məbləğini əvvəllər müvafiq icra hakimiyyəti orqanı müəyyən edirdi, hazırki qanun layihəsində isə bu qanunla müəyyən edilir.

Sənədə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Pulsuz hüquqi yardım haqqında" qanuna uyğun olaraq pulsuz hüquqi yardım göstərilməsini təşkil edəcək. Pulsuz hüquqi yardım göstərilməsi üçün ərizə və pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən Vəkillər Kollegiyasına təqdim edilməli olan hesabat formalarını, pulsuz hüquqi yardım göstərən vəkillərin seçimi qaydalarını müəyyən edəcək, fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin, o cümlədən paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparacaq.

Layihədə vəkillərin vəzifələri sırasına ildə 30 saatdan az olmamaqla, ictimai fayda naminə ödəniş tələb etmədən qanunla müəyyən edilən şəxslərə pulsuz hüquqi yardım göstərmək də əlavə edilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

44 filmi