Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə yeni üzvlər təyin edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Beləliklə, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarov AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediliblər.
R.Orucov 1978-ci ildə Bakıda anadan olub, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə, fərqlənmə diplomu ilə bitirib.
R.Orucov əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb, 2000-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı, 2004-2006-cı departamentin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə departamentin direktoru vəzifələrində çalışıb, 2011-ci ilin iyun ayında indiki vəzifəsinə təyin edilib. O, 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Ə.Məmmədyarov isə 1977-ci ildə Bakıda anadan olub, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
Ə.Məmmədyarov 2001-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 saylı nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib, 2004-2006-cı illərdə departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri, 2006-2007-ci illərdə departamentinin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2016-cı illərdə departamentin direktor müavini və direktoru olub, 2016-cı ilin may ayından indiki vəzifəsinə təyin edilib. O, 2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayına qədər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının sədri vəzifəsində də işləyib, 2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilir. Tahir Mirkişili qeyd edib ki, bu gün rəhbərlik etdiyi komitənin iclası keçirilib:
“Hər iki namizəd iqtisadçıdır. Komitə namizədlərin təyin edilməsi məsələsinə müsbət rəy verib”.
Daha sonra deputatlar məsələ ilə bağlı çıxış edəcəklər.