MM sədri: "Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları qəbuledilməzdir"

MM sədri: "Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları qəbuledilməzdir" Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun "Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında" iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir.
Milli Məclis
21 Aprel , 2023 20:50
MM sədri: Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları qəbuledilməzdir
Sahibə Qafarova

Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun "Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında" iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı məktubunda bildirilir.

"Xüsusilə təəssüf doğurur ki, belə bir "rəy" Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur", - spiker qeyd edib.

Məktubda vurğulanır ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O.Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. Milli Məclisin sədri xatırladır ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb.

Məktubda Milli Məclisin sədri bildirib ki, Dövlət Dumasında hakim "Vahid Rusiya" Partiyasını təmsil edən deputat kimi O.Matveyçev Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməlidir.

Məktubda Dövlət Dumasının deputatının yuxarıda qeyd olunan bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Spiker ümidvar olduğunu bildirib ki, bundan sonra da birgə səylərimizlə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin ruhuna zidd olan hərəkətlərin qarşısını alacağıq.

Son xəbərlər

Orphus sistemi