Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qətiyyətlə pislənilib.
“Report”un məlumatına görə, deputat Elnur Allahverdiyev çıxışında bildirib ki, müstəqillik qazanandan bu yana Azərbaycan daim terrorla mübarizə aparır.
O xatırladıb ki, son belə hadisə Azərbaycanın Tehrandakı səfirliyində qeydə alınıb: “Baş verənlər onu göstərir ki, səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb. Bu işdə İranın birbaşa məsuliyyəti var. 44 günlük Vətən müharibəsindən sonra qazanılan qələbədən sonra İran naməlum səbəbdən Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı aqressiya nümayiş etdirir. Həmçinin erməni sepratizminə daim dəstək verir, sərhədlərimizdə hərbi təlimlər də keçirir. Ümumilikdə Tehrandakı səfirliyinə edilən terror hücumu əsaslı şəkildə araşdırılmalı və məsələ ört-basdır edilməməlidir. Əgər İran müsəlman ölkəsi olaraq xalqın gözündən düşmək istəmirsə, mütləq şəkildə cinayətkar və onlara dəstək verənlər layiqli cəzasını tapmalıdır”.
Deputat Kamran Bayramov qeyd edib ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum ölkənin və regionun gündəmini silkələdi: “Aydın görünür ki, bu xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi. İranın polis orqanlarına böyük suallar var. Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması, cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. İranın aidiyyəti qurumlarının bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır”.
Deputat Nizami Səfərov vurğulayıb ki, səfirliyə silahlı hücum beynəlxalq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir: “Belə bir hüquqi nəticə, ilk növbədə, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən həm Azərbaycanın, həm də İranın iştirakçısı olduqları 14 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından hasil olur. Artıq törədilən cinayətin istintaqına başlanılıb və ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq bütün prosesləri nəzarətdə saxlaması üçün müvafiq hüquqi baza mövcuddur”.