Milli Məclisdə mina təhlükəsi ilə bağlı dinləmə keçirilib - YENİLƏNİB

Milli Məclisdə mina təhlükəsi ilə bağlı dinləmə keçirilib - YENİLƏNİB Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
Milli Məclis
4 Noyabr , 2023 12:40
Milli Məclisdə mina təhlükəsi ilə bağlı dinləmə keçirilib - YENİLƏNİB

Azərbaycanın üzləşdiyi mina probleminin ətraf mühitə və sosial inkişafa yaratdığı maneələrin müzakirəsi, eləcə də bu istiqamətdə birgə həll yollarına dair fikir mübadiləsinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi (ANAMA) və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib.

"Report"un xəbərinə görə, toplantıda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Sadiq Qurbanov tədbirin aktuallığı barəsində məlumat verərək bildirib: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qaydışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin təmizlənməsidir. Təsadüfi deyil ki, Prezident Ali Baş Komandan İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin əlavə edilməsini təklif edib. Həmçinin, Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin həmfikirlər qurupunun yaradılması sahəsində intensiv iş aparılır. Bugünkü dinləmə Prezidentin bu sahədə irəli sürdüyü tezislərin dəstəklənməsi məqsədi daşıyır”.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizədə ekoloji tarazlığın qorunması” mövzusunda və kənd təsərrüfatı naziri Məcnun Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər” mövzusunda çıxış edib.

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin ətraf mühitə təsiri” mövzusunda çıxış edərək mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olması, kənd təsərrüfatı üçün münbit torpaqların strukturuna mənfi təsir göstərməsini vurğulayıb. Minalarla çirklənmiş ərazilər eko-sistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaratdığını bildirib.

BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andeeva “Dayanıqlı inkişaf məqsədləri üçün minaların ekosistemə təsirinin aradan qaldırılması” mövzusunda nitqində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uğuru üçün qlobal təcrübəyə əsaslanaraq yerli, milli və beynəlxalq tərəflər arasında güclü tərəfdaşlığın vacib amillərdən olduğunu qeyd edib.

Prezidentin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı “Mina problemi və beynəlxalq səylər” mövzusunda çıxış edib.

Tədbir zamanı Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən video çarx təqdim olunub.

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb.

10:03

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.

“Report” xəbər verir ki, tədbir Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutur.

İclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva və başqaları iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi