Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.
“Report”un xəbərinə görə, müraciətin mətnini Milli Məclisin deputatı Könül Nurullayeva oxuyub.
Müraciətdə deyilir:
“-Əziz həmvətənlərimiz.
Dəyərli soydaşlarımız.
Xalqımızın birlik əzmindən yaranan, milli-mənəvi bütövləşmə arzusunu, ümumxalq amallarına sədaqətini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə hər birinizi ürəkdən salamlayırıq.
Taleyin hökmü ilə dünyanın dörd bir yanına yayılmış soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl başladılmış həmrəylik hərəkatı ilə bağlıdır. Ulu Öndər tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil etmişdir.
Müdrikliklə müəyyən edilən dövlət siyasəti nəticəsində dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilmiş, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunub. Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət qurumunun yaradılması sayına və intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Əziz həmvətənlər!
Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşamışdır. Artıq bu həsrətə son qoyulmuş, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, Vətəni bütöv görmək kimi müqəddəs arzusu gerçəkləşib. Yola salmaqda olduğumuz 2021-ci il Vətən müharibəsi nəticəsində azad edilmiş Qarabağa Böyük Qayıdışın başlanması ilə əlamətdar olmuşdur. Bu imkanı xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz Ordumuzla bərabər dünya azərbaycanlılarının birliyi qazandırıb.
Həmin tarixi günlərdə dünyanın müxtəlif ölkələrində diaspor təşkilatlarımızın, icmalarımızın, fəalların necə fədakarlıqla və mütəşəkkil qaydada erməni yalanlarına ardıcıl, tutarlı cavablar verdiklərinin, xalqımızın haqq işini dəstəkləmək üçün çoxsaylı tədbirlər, yürüşlər, piketlər keçirdiklərinin, mümkün olan bütün vasitələrlə qələbəmizə töhfə verdiklərinin şahidi olduq. Həmvətənlərimizin Azərbaycan Prezidentinin rəhbərliyi altında əzəli və doğma torpaqlarımızda başlanmış bərpa-quruculuq işlərində fəal iştirak edəcəklərinə, Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə layiqli töhfələr verəcəklərinə də inanırıq.
Dəyərli soydaşlarımız!
Bu gün Cənubi Qafqazın lider dövləti kimi bu bölgənin geosiyasi mənzərəsinin müəyyənləşməsində söz sahibi olan Azərbaycan Respublikası dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Son illərdə Azərbaycanın hərtərəfli və ardıcıl inkişafı, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurlar onun dünyadakı nüfuzunu daha da artırmışdır.
Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı ümumxalq mənafeləri naminə daha sıx birləşməyə, ümid və istinad yeri, ata-baba yurdları olan doğma Vətənin tərəqqisində fəal iştirak etməyə ruhlandırır. Son vaxtlar diaspor və icmalarımızın daha da inkişaf edib möhkəmlənməsi, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə yaxından cəlb olunmaları da sevindiricidir.
Azərbaycan Respublikasının dünyanın qabaqcıl və inkişaf etmiş ölkələri sırasında, azadlıq və firavanlıq şəraitində daim irəliləməsi xalqımızın birliyindən çox asılıdır. Bu birliyin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsi üçün görəcəyimiz işlər də az deyil.
Əziz həmvətənlərimiz! Dəyərli soydaşlarımız!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə daha sıx birliyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda fəal mübarizəyə səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2022-ci ilin gəlişi münasibəti ilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza yeni qələbə sevincləri, nurlu sabahlar arzulayırıq!”.