“Kanadanın xarici işlər nazirinin bəyanatı qərəzli, heç bir fakta əsaslanmayan fikirdir. Təbii ki, bu, Kanadanın XİN başçısı Melani Joli tərəfindən səslənən ilk bu cür qərəzli bəyanat deyil”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov deyib.
Deputat xatırladıb ki, Laçın yolunun başlanğıcında qurulmuş sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlayanda da Kanada qərəzli, eləcə də heç bir fakta əsaslanmayan bəyanat yaymışdı və Azərbaycan Xarici İşlər Nazirliyi də müvafiq cavab vermişdi:
“Bəyanatda maraqlı bir məqam odur ki, Kanadanın xarici işlər naziri bu ölkənin regionda çox mühüm diplomatik rol oynamasının vacibliyini vurğulayıb. Lakin bildirim ki, Kanadanın diplomatik rol oynaması üçün bu etimadı qazanması gərəkdir. Bu günə qədər Kanada regionda heç bir nüfuzu, iştirakı, hər hansı pozitiv fəaliyyəti ilə yadda qalmayıb. Sadəcə yersiz və heç bir fakta əsaslanmayan bəyanatlarını görmüşük. Hesab edirəm ki, burada Kanada tərəfinin hər hansı bir diplomatik rol oynaması mümkünsüzdür”.
İşçi qrupunun üzvü vurğulayıb ki, Kanadanın xarici işlər naziri Qarabağdakı erməniəsilli şəxslərin bu gün real təhlükə ilə üz-üzə olduğunu iddia edib:
“Yəqin o, ermənilərin Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsindən sərbəst və maneəsiz keçmələri ilə bağlı videoları heç izləməyib. Ümumilikdə Kanadanın hər hansı diplomatik rol oynaması, fəaliyyət göstərməsi üçün əvvəlcə regionda vəziyyəti düzgün dəyərləndirməsi lazımdır. Yalnız bundan sonra bəyanatlar verilə bilər. Yəqin yaxın zamanlarda Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq cavab bəyanatı verəcək”.
K.Bayramov əlavə edib ki, bu cür bəyanatların XİN rəhbərinin öz beyninin məhsulunun olduğuna inanmır:
“Güman ki, bu, erməni lobbisinin müvafiq cəhdi, regiondakı mövcud vəziyyətə təsiridir. Qətiyyətlə deyə bilərik ki, heç bir üçüncü ölkənin təxribatları nə Azərbaycanın xarici siyasətinə, nə də Qarabağda apardığı tədbirlərə təsir göstərə bilər”.
“Kanadanın xarici işlər nazirinə izah etmək lazımdır ki, Qarabağda sülhün və təhlükəsizliyin təmin olunması, eyni zamanda orada yaşayan erməniəsilli şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi yalnız onların Azərbaycan cəmiyyətinə reinteqarsiyasından keçir”, - parlament üzvü bildirib.