Gecə saatlarına baxmayaraq, Milli Məclisin deputatı Qənirə Paşayevanı sevənlər – seçiciləri, həmkarları, jurnalistlər, iş yoldaşları, ictimaiyyət nümayəndələri, dost və tanışları Heydər Məscidinin qarşısında onu yad edirlər.
“Report” xəbər verir ki, məscidin qarşısındakı izdiham ona ehtiramını nümayiş etdirir. Bura toplaşanlar millət vəkili ilə bağlı xatirələrini bölüşür, onun yaxınlarına başsağlığı verir, xatirəsini hörmətlə anır, hüzn içində olduqlarını bildirirlər.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, vida mərasimi bu gün saat 10:00-da Heydər Məscidində keçiriləcək. Q.Paşayeva bundan sonra saat 11:00-da ikinci Fəxri xiyabanda torpağa tapşırılacaq.