Deputatlar koronaviruslu günlərdə nə edirlər? - SORĞU

Deputatlar koronaviruslu günlərdə nə edirlər? - SORĞU Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu məlumatına görə, ümumilikdə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 359 şəxs yoluxub. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Milli Məclis
2 Aprel , 2020 10:06

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu məlumatına görə, ümumilikdə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 359 şəxs yoluxub. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Koronavirus təhlükəsinə görə ölkədə qeyri-iş günləri müddəti uzadılıb və hazırda xüsusi karantin rejimi tətbiq olunur. İnsanlardan vacib olmadıqca evdən ıxmamaq tələb edilir. 

“Report”un əməkdaşı məsələ ilə əlaqədar olaraq Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb, karantin günlərində nə etdiklərini və koronavirus pandemiyasından necə qorunduqlarını soruşub.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Report”a deyib ki, müvafiq qanunlara edilən dəyişikliklərdən sonra deputatlara karantin rejimi şamil edilmir:

 Elman Nəsirov
Elman Nəsirov

“Amma bu o demək deyil ki, deputatlar öz sağlamlıqlarına və karantin rejiminin çox mühüm tələblərinə biganə qalmalıdırlar. Bu, qətiyyən belə deyil. Hesab edirəm ki, biz həmrəylik, məsuliyyət və birlik hesabına bu bəlaya qalib gələ biləcəyik. Bu baxımdan da “evdə qal” tələbi çox aktualdır. Bu tələbin deputatlar üçün də əhəmiyyəti çox böyükdür. Deputatların zəruri hallarda kənara çıxması məntiqlidir. Əllərin də tez-tez yuyulması vacibdir. Müəyyən spirt vasitələrindən, əlcəklərdən və maskalardan istifadə çox önəmlidir”.

Deputat qeyd edib ki, yalnız televiziyalarda çəkiliş zamanı maskanı və əlcəkləri çıxarır:

“Digər hallarda isə maskadan və əlcəkdən istifadə edirəm. Ona görə də hesab edirəm ki, hər bir şəxs özünü təcrid siyasətinə sadiq qalmalıdır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bütün qaydalara əməl etdiyini bildirib:

“Heç kimin bu bəladan qorunmaqla bağlı xüsusi imtiyazı yoxdur. Bu taclı bəla kimliyindən asılı olmayaraq təbəqə tanımır. Təmsil etdiyim rayonla hələ ki, onlayn və telefon vasitələr ilə əlaqə saxlayıram. Qaydalara uyğun olaraq zərurət olmadıqda özüm və ailə üzvlərim çölə çıxmırıq. Gigiyena qaydalarına xüsusi əməl edirik. Bütün vətəndaşlarımızı, seçicilərimi də dövlətimizin qoyduğu bütün qaydalara əməl etməyə çağırıram”.

Jalə Əliyeva
Jalə Əliyeva

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli qeyd edib ki, ancaq zəruri hallarda Milli Məclisə və sədri olduğu Vəhdət Partiyasına gedir:

“Qalan hallarda isə evdə otururam. Ailə üzvlərimlə birgə spirtli məhlullardan istifadə edirik. Çöldən evə daxil olan zaman ayaqqabılarımızı , paltarlarımızı yuyuruq, təmizləyirik. Ancaq ümumilikdə isə çalışırıq ki, çölə çıxmayaq. Təmaslardan çəkinirik, insanlarla əl vasitəsilə görüşmürük”.

Deputat qeyd edib ki, insanlar getdikdə koronavirusun təhlükəli olduğunu dərk edir:

 Tahir Kərimli
Tahir Kərimli

“Mən sosial şəbəkələrdə də seçicilərimə bununla bağlı öz tövsiyələrimi vermişəm. Hamıya dövlətimizin qoyduğu qərarlara, qaydalara əməl etməyi tövsiyə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov isə evdə olduğunu və çölə çıxmadığını deyib:

“Gün ərzində əsasən müxtəlif ədəbiyyat oxuyuram, sosial şəbəkələri izləyirəm. Gündə bir saat mütləq idmana vaxt ayrıram. Bununla yanaşı, parlamentdə gələcək fəaliyyətimlə bağlı müəyyən layihələr üzərində çalışıram. Koronavirusa qarşı mübarizənin bu üsulunu hər kəsə də tövsiyə edirəm”.

Kamran Bayramov
Kamran Bayramov

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli koronavirusdan qorunmaq üçün əllərin dezinfeksiya olunmasının vacibliyini vurğulayıb:

Müşfiq Məmmədli
Müşfiq Məmmədli

“Ailə üzvlərimizin evdə qalması, digər şəxslərlə kontakta olmamasına diqqət edirik. Daim özüm və ailə üzvlərim tibbi maskalardan istifadə edirik. Çünki maskadan istifadə mütləqdir. Eyni zamanda həm yaşayış, həm də iş yerində səthlərin dezinfeksiyasına fikir veririk. Hesab edirəm ki, hər bir şəxs özünə diqqət etməlidir. Hər bir insan yuxu rejiminə, qidasına diqqət yetirməli və təmiz havadan istifadə etməlidir”.

Son xəbərlər

Orphus sistemi