“İctimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, məktəbə yaxın ərazilərdə siqaret satışının qadağan edilməsi və s. məsələlərlə əlaqəli qanunun icrası ilə bağlı heç bir ciddi addımlar atılmayıb”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O, eyni zamanda şəhid ailələri və qazilərin iş və mənzillə təminatı məsələsinə də toxunub: “Bu yaxınlarda Kəlbəcərdən olan şəhid həkimin ailə üzvü mənə müraciət etmişdi ki, ev təminatı ilə bağlı imtiyazlarından yararlana bilmirlər. Bildirirlər ki, onlara Kəlbəcərdə tikiləcək evlərdən verəcəklər. Onsuz da bir kəlbəcərli kimi, ata yurdundan onlara ev düşür, amma həmin şəxslərin qeydiyyatı hazırda Bakıdadır və evlənəcək oğlu var. Həmin şəxs ev olmadığından evlənə bilmir. Bu kimi məsələləri həll etmək lazımdır”.