“Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması üçün ardıcıl səylər göstərir. Təəssüf ki, Ermənistan tərəfi müxtəlif yollara əl ataraq bu prosesi əngəlləməyə və süni gərginlik yaratmağa çalışır. BMT Təhlükəsizlik Şurasında dünən aparılmış müzakirələr bunu bir daha təsdiq etdi”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O qeyd edib ki, müzakirələrin gedişində Laçın yolunun bağlı olması, Azərbaycanın Qarabağ iqtisadi rayonunda “humanitar böhran” yaranması barədə iddiaların əsassız olduğu bir daha öz təsdiqini tapdı.
Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrdə bəzi dövlətlərin, o cümlədən Fransanın nümayəndəsinin ifadə etdiyi mövqe təəssüf doğurur:
“Bununla belə, müzakirələrin ümumi gedişi Azərbaycan nümayəndəsinin arqumentlərinin nə qədər əsaslı olduğunu göstərdi. Bu da ondan irəli gəlir ki, Azərbaycan ədalətli mövqedən çıxış edir. Bizim bütün arqumentlərimizin əsas mənbəyi beynəlxalq hüquqdur. Eyni zamanda, Azərbaycanın bütün addımlarının sülhə və etimadın yaradılmasına xidmət etdiyini hər kəs görür. Ona görə də düşünürəm ki, Ermənistan bu cür siyasi manipulyasiyalara son qoymalıdır. Əks halda daha böyük uğursuzluqlarla üzləşə bilər”.
S.Məmmədov bildirib ki, son günlər Ermənistan tərəfindən Azərbaycanla dövlət sərhədində törədilən təxribatlar bu ölkənin sülhə və dialoqa hazır olmadığını göstərir. Rəsmi İrəvanın yeganə məqsədi sülh sazişinin imzalanmasını mümkün qədər yubatmaqdan ibarətdir:
“Ermənistan mətbuatında çıxış edən ekspertlər də indiki şərtlərdə yeganə çıxış yolunun danışıqların mümkün qədər uzadılmasından ibarət olduğunu tez-tez vurğulayırlar. Hökumət səviyyəsində sülh sazişinin ən qısa müddətdə imzalanmasının vacibliyi qeyd edilsə də Ermənistanın atdığı addımlar, həyata keçirdiyi təxribatlar bu ölkənin sülh müqaviləsinin imzalanmasına o qədər də həvəs göstərmədiyini təsdiq edir. Çox təəssüf ki, Ermənistanda hələ də illüziyalarla yaşayanlar var. Dünyada və regionda baş vermiş köklü dəyişikliklərin fərqində deyillər”.
Millət vəkili əmin olduğunu vurğulayıb ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyasına nail olacaq. O qeyd edib ki, regionda sülh və sabitliyin təmin olunmasının yolu sözdə deyil, real addımlarla suverenliyin və ərazi bütövlüyünün tanınmasından keçir.