Azərbaycanda əhali günəş enerjisindən qazanc əldə edə bilər

Azərbaycanda əhali günəş enerjisindən qazanc əldə edə bilər Deputat: "Ölkə ərazisində günəşdən enerji istehsal etmək potensialı kifayət qədər böyükdür"
Milli Məclis
4 Noyabr , 2017 15:19
Azərbaycanda əhali günəş enerjisindən qazanc əldə edə bilər

Bakı. 4 noyabr. REPORT.AZ/ “Azərbaycanda enerji istehsal edən sahibkarlarla uzunmüddətli zəmanətli alış müqavilələri bağlamaqla və əhaliyə şəbəkəyə artıq enerji ötürmək imkanı yaratmaqla enerji istehsalında alternativ mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaq olar”.

Bunu “Report”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, dünyada alternativ enerji, yəni günəş, külək enerjisi sürətlə yayılır: “Hər il bu enerji növünün maya dəyəri də sürətlə aşağı düşür. Bir çox ölkələrdə günəşdən və küləkdən alınan enerji növünü stimullaşdırmaq üçün xüsusi proqramlar mövcuddur. Məsələn, Türkiyədə günəş enerjisi istehsal edən sahibkarlar ilə enerjipaylayıcı qurumlar arasında 15 illik alış zəmanəti müqavilələri bağlanır. Almaniyada külək enerjisi istehsalçılarına subsidiya verilir. Bir çox ölkələrdə əhaliyə "ikitərəfli ölçü cihazları" quraşdırmağa icazə verilir. Yəni öz evlərində günəş enerjisi istehsal edən qurğular quraşdıran əhali istifadədən artıq elektrik enerjisini ümumi şəbəkəyə ötürür və bunun dəyərini enerjipaylayıcı orqandan alır. Bu həm əhalinin müəyyən səviyyədə qazanc əldə etməsinə, həm də ölkədə təmiz enerji istehsalının artırılmasına imkan yaradır”.

T.Mirkişili bildirib ki, Azərbaycanda da ilin 260-dan çox günü günəşli olduğundan ölkə ərazisində günəşdən enerji istehsal etmək potensialı kifayət qədər böyükdür. 

Milli Məclisin deputatı Tahir Mirkişili

Son xəbərlər

Orphus sistemi