Azərbaycan və Albaniya arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Albaniya Parlamentinin sədri Elisa Spiropalinin görüşündə söhbət aparılıb.
Görüşdə Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduqları qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfələr vermək niyyəti ifadə edilib.
Söhbət zamanı parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.
Görüşdə bu ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı da məlumat verilib, qanunverici orqanların iqlim dəyişmələri ilə mübarizədə çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.