Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, veriliş Zəngibasar mahalının Üçkilsə (indiki Eçmiədzin) rayonunun Qarğabazarı kəndinin sənətkarlıq nümunələrinə həsr olunub.
Ekran işində qədim mədəniyyəti olan Üçkilsənin tarixindən geniş söhbət açılır. Bildirilir ki, sovet hakimiyyətinin qurulması nisbətən bu əraziyə, xüsusən də, Üçkilsəyə dinclik sabitlik gətirsə də, 1947-ci ildən özünü yeni formada büruzə verməyə başlayıb: “Artıq Stalinin birbaşa qayğısı altında olan erməni millətçiliyi azərbaycanlılara qarşı amansız addımlar atırdı və ermənilərin Qərbi Azərbaycana köçürülmə planı işə salınmışdı. Bunun üçün ilk növbədə azərbaycanlılar öz tarixi torpaqlarından qovulmalı, çıxarılmalı idi. Belə bir zəmin 1947-ci ildə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi qərar oldu. Həmin qərar əsasına Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların digər bölgələrə köçürülməsi xüsusən də, Azərbaycanın müxtəlif bölgələrinə köçürülməsi çox amansız addım idi. Bir neçə gün içində insanlar yük qatarına doldurularaq, əziyyətlərə, çətinliklərə qatlaşaraq Azərbaycanın Sabirabad, Salyan, İmişli və digər bölgələrinə gətiriliblər”.
Həmçinin vurğulanır ki, məhz 1947-ci ildən bu günə kimi Qarğabazarda Azərbaycan türkləri yaşamadı, Qarğabazarını tamamilə erməni kəndinə çevirdilər. Qarğabazarını həm də böyük bir planın tərkib hissəsi kimi, yəni erməniləşdirmə planının tərkib hissəsi kimi yer üzündən sildilər. Neçə-neçə kəndimiz - Çobankərə, Hamamlı, Göykünbənd bu ərazidə yerləşən başqa kəndlər də insansızlaşdı və ermənilər burda məskunlaşmağa başladı. Özləri üçün uydurma mədəniyyət, uydurma tarix yaratdılar.
Verilişdə deyilir ki, türk inancından, təfəkküründən irəli gələn simvolların istifadə olunması və özünəməxsus simvolların semantik həlli iştirakı Üçkilsə xalçalarında damğalardan tutmuş, həyat ağacına qədər, eyni zamanda, dörd ünsürü, cəhəti əhatə edən elementlərə qədər Azərbaycan incəsənətində xüsusi yer almış buta elementinə xüsusi rast gəlirik: “Rəng həllində Üçkilsə xalçalarının özünəməxsus rəngarəngliyi Azərbaycanın Şirvan xalçalarında da görünür. Diqqət yetirdikdə rənglərin dəyişikliyi, müxtəlif rənglərin bir-birini çox rahatlıqla əvəzləməsi Azərbaycan xalçaçılıq sənətinin mühüm elementlərindən biridir. Üçkilsə xalçalarının bir özəlliyi də var ki, inancların, müxtəlif dini baxışların hamısı bir tabloda sanki toplanır. Burada qədim türk inancı, yaşam tərzi və bolluq işarəsi olan - əli qoynunda işarəsinə rast gəlirik. Göllərin bədii həlli, gözmuncuğu, bədnəzərdən qoruyan elementlərin zənginliyi əhalinin dini inancları ilə bağlı idi. Burada təsərrüfat və yaşam tərzi də bütövlükdə xalçanın elementlərinə köçmüşdür. Al-əlvanlıq xoş günlərin arzusu və xoş rifah elementləri xalçada xüsusi yer tutur. Bədii cəhətdən zəngin kompozisiyaya malik Üçkilsənin, Qarğabazarının xalçaları sənət əsəri hesab oluna bilər”.
Verilişdə vaxtilə Qarğabazarından deportasiya olunaraq 1948-ci ildə Azərbaycanın Sabirabad rayonunda məskunlaşan 1929-cu il təvəllüdlü Səkinə Məhərrəmova ilə söhbət maraq doğurur. O, hazırda ömrünün 94-cü ilini yaşasa da övladları ilə Üçkilsəyə, Qarğabazarına qayıtmaq ümidini hələ itirməyib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.