“Hazırda ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsindəki siyasi şousunu izləyirik”.
Bunu “Report”un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyənin TVNET televiziya kanalının əməkdaşı İsmail Umut Arabacı deyib.
O bildirib ki, bir neçə gündür Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə səfərdədir:
“Ermənistan tərəfi özünün beynəlxalq arenada siyasi mövqelərini möhkəmləndirmək üçün humanitar yardım kimi vacib məsələ üzərindən erməni təbliğat maşınını işə salıb. Lakin ölkələrin suverenliyi deyilən bir həqiqət var və hər kəs buna hörmət etmək məcburiyyətindədir. Dünyada heç bir ölkə belə bir şey qəbul eləməz, Azərbaycan da etmir”.
Türkiyəli jurnalist vurğulayıb ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirmir. O vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərin normallaşması üçün Ermənistan tərəfi Azərbaycanın suverenliyinə hörmət etməli və kapitulyasiya sənədindən irəli gələn öhdəliklərini həyata keçirib, hərbçilərini Xankəndidən çıxarmalıdır.