Sədrəddin Soltan: “Siyasət ən ali peşədir”

Sədrəddin Soltan: “Siyasət ən ali peşədir” Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Report Media Məktəbinin tələbələri ilə görüşdə siyasət elminin əhəmiyyətini vurğulayıb.
Media
18 Noyabr , 2022 16:56
Sədrəddin Soltan: “Siyasət ən ali peşədir”
Sədrəddin Soltan

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Report Media Məktəbinin tələbələri ilə görüşdə siyasət elminin əhəmiyyətini vurğulayıb.

“Siyasət ən ali peşədir. Çünki bütün sahələrdə siyasət var. Siyasətin müdaxilə etmədiyi heç bir sahə yoxdur”, - o bildirib.

“Report” xəbər verir ki, S.Soltan İranda olan hazırkı vəziyyətdən, milli-mədəniyyət, dil məsələsindən də danışıb.

”Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında güney azərbaycanlıların da əməyi olub. Güney Azərbaycan insanı öz milli hüquqları uğrunda bir neçə dəfə inqilab edib. Səttarxan hərəkatı zamanı onun əsasında məşrutə, qanunun aliliyi, konstitusiyalı monarxiya ideyası dayanırdı. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani “Azadıstan” adından dövlət qurdu. Dövlət 6 ay sonra süqut etdi. Ötən əsrin 40-cı illərində Pişəvərinin başçılıq etdiyi hərəkat başlamışdı. 1945-ci il dekabrın 12-də Azərbaycan milli hökuməti və proqramı elan olunur. Bu hərəkatı da 1946-cı ildə qan içində boğurlar. Son hərəkat 1979-cu il inqilabı dövründə başlayıb. Onun mənəvi lideri Ayətullah Məhəmməd Kazım Şəriətmədari idi”, - o bildirib.

Siyasi şərhçi İranda baş verən bugünkü hadisələrə də münasibət bildirib: “İranda hadisələr gözlənilmədən baş vermir. Dünyanın hansı bölgəsində aksiyalar varsa, onların hamısı planlı idarə olunur. İrandakı aksiyalar da planlaşdırılıb, idarə olunur”.

Sədrəddin Soltan (İsmayılov) 1962-ci ildə Biləsuvarda anadan olub. 1985-90-cı illərdə Azərbaycan Aqrar Universiteti, 1995-97-ci illərdə Qərb Universitetində təhsil alıb. 1989-cu ildən “Yeni Müsavat” qəzetində çalışmağa başlayıb.

1993-94-cü illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində, 1998-ci ildən 2001-ci ilədək “Yeni Müsavat” qəzetində siyasi şərhçi, “Azadlıq” radiosunda Güney Azərbaycan məsələləri ilə bağlı şərhçi, “Cümhuriyyət”, “Reytinq”, “Günaydın”, “Elçi”, “Paralel”, “Ölkə” qəzetlərində müxbir və şərhçi, 2001-2008-ci illərdə “Ayna” və “Zerkalo” qəzetlərində xarici siyasət mövzuları ilə bağlı şərhçi, diaspora və xəbərlər üzrə müxbir vəzifələrində, 2008-2012-ci illərdə “Elçi” qəzetində müxbir, redaktor olaraq çalışıb. 2012-2014-cü illərdə “Lent.az” portalında şərhçi kimi fəaliyyət göstərib.

2014-cü ildən Report İnformasiya Agentliyində siyasi şərhçi kimi çalışır.

Son xəbərlər

Orphus sistemi