Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi çərçivəsində “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.
“Report” xəbər verir ki, seminara ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 60-a yaxın tələbə cəlb edilib.
ADA Universitetində keçirilən seminarın spikeri Tatyana Ravalli olub. O, Udin və Milan Universitetlərinin məzunudur, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşıb, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyir.
T.Ravalli rəqəmsal media mühitində kommunikasiya alətləri və formaları, müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulmasının əsaslarından danışıb:
Ekspert texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyalarla bağlı xarici bilik və təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini vurğulayıb.
MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib ki, rəqəmsal media və kommunikasiya mövzusunda keçirilən “MEDİA talks”da xaricdən dəvət olunan mütəxəssis T.Ravalli interaktiv şəkildə tələbələrin suallarını cavablandırıb: “Bu seminarların keçirilməsində əsas məqsəd gənclərin məhz media sahəsində fəal iştirakını təmin etmək, onların fəaliyyətini stimullaşdırmaqdır. Eyni zamanda xarici təcrübənin öyrənilməsi və yerli mediada tətbiqi yollarının göstərilməsi, gənclərə xarici təcrübənin nəzəri biliklərini aşılamaqdır. Həmçinin dəyişən yeni media mühitində kommunikasiya alətlərini və effektiv kommunikasiyanın qurulması yollarını öyrətməkdir”.
Seminar iştirakçısı olan Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin tələbəsi Nəzrin Hüseynzadə qeyd edib ki, jurnalistika daim yenilənən, dinamik sahədir və bu yeniliklərlə “MEDİA talks” kimi konfranslarda, seminarlarda iştirak etməklə tanış olurlar: “Bu baxımdan Medianın İnkişafı Agentliyinin gənclərimizi bu cür seminarlara cəlb etməsini xüsusilə vacib hesab edirəm. Fikrimcə, ADA Universitetində öz işinin peşəkarı olan kifayət qədər mütəxəssis var və bizim bu imkanlardan yararlana bilməyimiz jurnalist kimi yetişməyimizdə, həmçinin dünyagörüşümüzün artırılmasında xüsusi rol oynayır. Hesab edirəm ki, seminarların ingilis dilinə keçirilməsi beynəlxalq təcrübəni öyrənməyimizə, eyni zamanda dil imkanlarımızı inkişaf etdirməyə töhfə verir. Gələcəyin jurnalisti kimi düşünürəm ki, beynəlxalq standartlara uyğun layihələrin həyata keçirilməsi karyeramız üçün yeni imkanlar açacaq”.
ADA Universitetinin tələbəsi Aytac Adıgözəlova bildirib ki, Azərbaycanda texnologiyanın inkişafı və zamanın tələblərinə uyğun olaraq rəqəmsal media və kommunikasiya sahəsində inkişaf dinamikası xüsusilə hiss olunur: “Universitetimizdə beynəlxalq kommunikasiyanın inkişafı ilə əlaqədar yüksək səviyyəli işlər görülür. Bu gün keçirilən seminar da məhz bu qəbildədir və gənclərin rəqəmsal media sahəsində biliklərinin artırılmasında böyük rol oyanayacaq. Fikrimcə, dinamik jurnalistika anlayışında yeni media fəaliyyətinin önəmi danılmazdır. Çünki artıq internet jurnalistikası, sosial media rəqəmsal medianın çağırışlarıdır və sözügedən yeniliklərlə ayaqlaşmaq üçün bu qəbildən olan seminarlarda iştirak etmək şəxsi inkişafımız üçün çox vacibdir”.
Bakı Dövlət Universitetinin Tarix fakultəsinin tələbəsi Mirzəbəy Əzimlinin fikrincə, ənənəvi medianın öz yerini rəqəmsal mediaya verməsi fonunda rəqəmsal jurnalistika ilə məşğul olmaq üçün yeni tələblərə cavab vermək lazımdır: “Bu baxımdan istər media nümayənləri, istərsə də informasiyanı qəbul edən kütlə bu proseslə ayaqlaşmalıdır. Ona görə də bu cür təlim və seminarların keçirilməsi vacibdir”.
Sonda interaktiv müzakirə sessiyaları keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.