Report Media Məktəbinin 18-ci qrupu təlim proqramına qoşulub

Report Media Məktəbinin 18-ci qrupu təlim proqramına qoşulub "Report" İnformasiya Agentliyində (İA) fəaliyyət göstərən Report Media Məktəbinin sayca 18-ci qrupu yeni təlim proqramına qoşulub.
Media
21 Oktyabr , 2024 16:51
Report Media Məktəbinin 18-ci qrupu təlim proqramına qoşulub

"Report" İnformasiya Agentliyində (İA) fəaliyyət göstərən Report Media Məktəbinin sayca 18-ci qrupu yeni təlim proqramına qoşulub.

“Report” xəbər verir ki, müraciət edənlərdən 9 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcəklər. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, təlim dövründə xəbərin jurnalistika standartlarına uyğun hazırlanmasının tədris edilməsi prioritet işlərdən biridir:

“Agentlikdə xəbərin məhz standartlara uyğun hazırlanmasına daim can atırıq. Deməli, təlimə qoşulan tələbələr də xəbəri bu yöndə yazmalıdırlar. Bu prosesə məsuliyyətli yanaşmaqla daha uğurlu nəticə qazana bilərsiniz. Jurnalistika peşəsinə yiyələnmək asan iş deyil. Bu, hər bir tələbədən daha artıq güc sərf etməyi tələb edir”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu bu qrupda təlimin rus dilində keçiriləcəyini vurğulayıb:

“Report” İnformasiya Agentliyinin xarici dillərdə olan şöbələrində daim istedadlı və peşəkar kadrlara tələbat duyulur. Report Media Məktəbinin bu qrupunu formalaşdırarkən rus dilini yüksək, ingilis dilini orta səviyyədə bilən şəxslərə üstünlük vermişik. Qrupa həm müxtəlif ali təhsil ocaqlarının tələbələri, həm də jurnalistikaya marağı olan digər sahələrin nümayəndələrini cəlb etmişik. Media sahəsinə həvəsli olmaq ən vacib şərtlərdən biri olub”.

Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi