Bu ilin 6 ayı ərzində ölkə üzrə açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 4 327 reklamın yayımı dayandırılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Qeyd olunub ki, bu ilin 6 ayı ərzində ölkə üzrə açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 4 327 reklamın yayımı dayandırılıb.
Həmin müddətdə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya ümumilikdə 22 827 müraciət daxil olub. Müraciətlərin bəzisində bir neçə reklamın qeydiyyata alınması nəzərdə tutulduğundan ümumulikdə verilən icazə sənədlərinin sayı 95 948-dir.
“Ticarət obyektlərinin daha çox paytaxtda cəmləndiyini nəzərə alsaq, müvafiq olaraq açıq məkan reklamları ilə bağlı ən çox qanun pozuntusu da Bakıda (1 350 reklam) aşkarlanıb. Sıralamada növbəti yerlərdə 1 288 ədəd olmaqla Şəki və 682 ədəd olmaqla Sumqayıt Şəhər Regional Reklam İdarələrinin nəzarətindəki ərazilər gəlir. Qanun pozuntuları əsasən icazə sənədləri olmadan açıq məkanda reklam yayımlama ilə bağlıdır”, - ADRA-dan “Report”un sorğusuna cavab olaraq bildirilib.
Müvafiq icazə sənədi olmadan reklam yayımı həyata keçirən sahibkarlıq subyektinin sayı 5 340 olub. Sənədsiz yayımlanan reklamların 167-si tarixi binaların payına düşüb.