Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Silahlı Qüvvələrin 11 min 831 hərbi qulluqçusu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif olunanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı Məmmədov Səbuhi Ədalət oğlu da var.
O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
Qeyd edək ki, S.Məmmədov 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, müharibə başa çatandan sonra Azərbaycan Ordusunun sıralarından tərxis olunub. S.Məmmədov hazırda "Report" İnformasiya Agentliyində fəaliyyətini davam etdirir.