Meksikanın tanınmış jurnalı Heydər Əliyevdən yazdı: “Hər bir xalqın lideri ona layiq olur”

Meksikanın tanınmış jurnalı Heydər Əliyevdən yazdı: “Hər bir xalqın lideri ona layiq olur” Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik dairələri və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “Mundo Internacional” jurnalında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr edilən “Hər bir xalqın li
Media
19 Dekabr , 2023 03:38
Meksikanın tanınmış jurnalı Heydər Əliyevdən yazdı: “Hər bir xalqın lideri ona layiq olur”

Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik dairələri və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “Mundo Internacional” jurnalında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr edilən “Hər bir xalqın lideri ona layiq olur” başlıqlı iri həcmli məqalə dərc olunub.

Bu barədə “Report”a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.

Məqalədə ilk olaraq Heydər Əliyevin Azərbaycan xalqı üçün milli qürur mənbəyi olduğu, görkəmli siyasətçi və dövlət xadiminin adının ölkə tarixinə qızıl hərflərlə yazıldığı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi qeyd olunur.

Yazıda Ümummilli Liderin keçdiyi şərəfli həyat yoluna qısa nəzər salınır, onun Sovet İttifaqı dövründə və müstəqillik illərində Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verilir, məhz Ulu Öndərin Azərbaycanı xaos və dərin böhrandan çıxardığı, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyi bildirilir.

Yazıda 1990-cı ilin yanvar ayının 20-də paytaxt Bakı sakinlərinin üzərinə qoşun göndərilərək çoxlu sayda mülki azərbaycanlının qətlə yetirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və təqsirkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğu vurğulanır.

Müəllif qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalmış və SSRİ-nin süqutu ilə müstəqillik əldə etmiş Azərbaycan Respublikası üçün ağır sınaq dövründə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı çağırışı ilə hakimiyyətə qayıtdığını və bu qayıdışla ölkədə sabitliyin təmin olunması, həmrəyliyin möhkəmləndirilməsi, inkişaf üçün ilkin şərtlərin təmin olunması istiqamətində çox təsirli addımların atıldığını qeyd edir.

Qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələrlə əlaqədar dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib.

Yazıda Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edilir, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğu, ölkədə yoxsulluq səviyyəsinin kəskin şəkildə azaldığı bildirilir. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Cənub Qaz Dəhlizi kimi dünya miqyaslı layihələri sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritələrinin tamamilə dəyişdiyi, bu sahələrdə qitə miqyasında yeni reallıq yaratdığı vurğulanır.

Məqalədə Heydər Əliyevin uzaqgörən siyasətinin, hadisələrə baxışının və zəngin ideyalarının bu gün üçün də aktuallığını qoruyub saxladığı, məhz bu sayədə bugün Azərbaycanın böyük coğrafiyaları birləşdirən nəqliyyat-energetika şəbəkələrində əsas aktor rolunu oynadığı xüsusi vurğulanır.

Yazıda bu gün Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığı, 2020-ci ildə otuz illik həsrətə son qoyularaq işğal altında olan torpaqların azad olunduğu və 44 günlük Vətən Müharibəsində çalınan zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, bugün ölkə tarixində yeni səhifənin yazıldığı, hazırda regionda yeni reallıqların yarandığı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışının təmin olunması üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma və bərpa işlərinin aparıldığı qeyd olunur.

Məqalədə həmçinin, bu ilin aprel ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan Dostluq qrupunun xüsusi iclası barədə məlumat verilir.

Qeyd edək ki, jurnalın üz qabığında da Ulu Öndərin şəkli əks olunub.

Son xəbərlər

Orphus sistemi