İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayıma başlamasından 18 il ötür

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayıma başlamasından 18 il ötür Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) yayıma başladığı gündür.
Media
29 Avqust , 2023 09:46
İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayıma başlamasından 18 il ötür

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) yayıma başladığı gündür.

“Report” xəbər verir ki, şirkətin yayıma başlamasından 18 il ötür.

Şirkət "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) (indiki Audivizual Şura) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

İctimai televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir, Avropa Yayım İttifaqının üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur. O, bu vəzifəyə 2022-ci ilin mayın 24-də yenidən seçilib. B.Qasımovun rəhbərliyindən sonra televiziyanın efirində rəngarənglik müşahidə olunur. Belə ki, İctimai televiziya və radioya yeni, cəmiyyətin qəbul etdiyi pozitiv aparıcılar cəlb olunub. Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını daha da genişləndirib.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.

"Report" İnformasiya Agentliyi İctimai Televiziya və Radio Yayımları Şirkətini təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Son xəbərlər

Orphus sistemi